Musk vergi qanun layihəsini dəstəkləyənlərə sərt reaksiya verib

Bölmə: Dünya › ,
Tarix: 10:30 01.07.2025

Elon Musk bir daha siyasi xərclərini artırmaqla hədələyib – bu dəfə hədəfində, Prezident Donald Trampın çox trilyonluq vergi qanun layihəsini dəstəklədiyini göstərən demək olar ki, bütün hazırkı Konqresdəki Respublikaçılar olub.

 

“Dövlət xərclərinin azaldılması vədi ilə kampaniya aparıb, sonra isə dərhal tarixdəki ən böyük borc artımına səs verən hər bir Konqres üzvü başını aşağı salıb utanmalıdır!” – Musk özünün X (əvvəlki Twitter) platformasında yazıb. “Əgər bu dünyada edəcəyim son iş olsa belə, gələn il onların partiyadaxili ilkin seçkilərdə uduzduğuna şahid olacağam".


Tesla və SpaceX şirkətlərinin baş direktoru olan Musk daha əvvəl Bloomberg News-a bildirib ki, 2024-cü il seçki dövründə əsasən Trampa dəstək verərək 250 milyon dollar xərclədikdən sonra siyasi xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. May ayında bu barədə soruşulduqda isə “Düşünürəm ki, yetərincə etmişəm", deyib. Lakin bu ayın əvvəlində, Trampın rəsmi müşaviri vəzifəsindən ayrıldıqdan qısa müddət sonra milyarder prezidentin əsas vergi və xərcləmə razılaşmasını bir neçə paylaşımla sərt şəkildə tənqid edib.  Bu paylaşımlar onların arasında internet üzərindən mübahisəyə və saatlarla davam edən ictimai qarşıdurmaya səbəb olub.

 

Həftəsonu Musk xəbərdarlıq edib ki, elektrikli avtomobillərə və digər təmiz enerji təşviqlərinə ediləcək ixtisarlar ölkə üçün “son dərəcə dağıdıcı” olacaq, milyonlarla ABŞ iş yerini məhv edəcək və “keçmiş sənayelərə güzəşt verib, gələcəyin sənayelərinə ağır zərbə vuracaq".

 

Bloomberg
Fatimə Heydərova