Kriptovalyutalar və onların qanuniləşməsi

Tarix: 15:00 25.06.2025
Kriptovalyuta rəqəmsal və ya virtual valyutadır və onun təhlükəsizliyi kriptoqrafiya ilə təmin olunur. Ən məşhur nümunəsi “Bitcoin” olsa da, minlərlə alternativ kriptovalyuta da mövcuddur. Onlar mərkəzləşdirilməmiş sistemlərdə, adətən blokçeyn texnologiyası əsasında fəaliyyət göstərir.
Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda kriptovalyutaların rəsmi tənzimlənməsi mövcud deyil:
“Kriptovalyutalar ölkədə ödəniş vasitəsi kimi tanınmır. Bu, qanunsuz deyil, sadəcə olaraq heç bir hüquqi təminat yoxdur.
Kriptovalyuta çirkli pulların yuyulması riskləri ilə hər zaman müşayiət olunur. Əksər dövlətlər bu məsələyə ehtiyatla yanaşır. Eyni zamanda, kriptovalyuta dövlətin valyutası ilə rəqabətə girir. Hazırda kriptovalyutalarla edilən ödənişlər qanuni ödəniş vasitəsi kimi qəbul edilmir.
Hesab etmək olar ki, xüsusən gənc təbəqələrdə texnologiyaya və kriptovalyutaya maraq böyükdür.
Kriptovalyutaların qanunsuz fəaliyyətlərdə (məsələn, çirkli pulların yuyulması) istifadəsi riski realdır. Lakin qeyd edilməlidir ki, kriptovalyuta anonim xarakter daşıyır və onu izləmək mümkün deyil. Bu vasitə ilə izlənməsi mümkün olmayan əməliyyatlar və köçürmələr həyata keçirilə bilər".
Çimnaz Telmanqızı