Pistorius-“ABŞ-nin çəkilməməsi üçün çalışırıq”

Bölmə: Siyasət › ,
Tarix: 15:59 25.06.2025

Almaniyanın Müdafiə naziri Boris Pistoriusun “ABŞ-nin çəkilməməsi üçün çalışırıq” deməsi ,əslində,Avropanın öz təhlükəsizliyini Vaşinqtonun hərbi çətiri altında gördüyünün etirafıdır.Bu həm də Berlinin sabahını da müəyyənləşdirə bilər.


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynadan çəkilməsi təkcə müharibə səhnəsindəki güc nisbətini dəyişməyəcək, həm də Avropanın təhlükəsizlik yükünü radikal şəkildə artıracaq:

 

“Bu isə Almaniya üçün həm strateji, həm də maliyyə baxımından “çəkilməmiş qılınca” çevriləcək. NATO daxilində güc balansı uzun illər ABŞ-nin hərbi liderliyi üzərində qurulub. ABŞ olmadan bu yükün önəmli hissəsi, istər-istəməz, Berlində mərkəzləşəcək.
Almaniya nə qədər iqtisadi cəhətdən qüdrətli olsa da, uzun illər "sülh dövləti" statusuna uyğun davranıb və müdafiə sahəsinə kifayət qədər sərmayə qoyub.

 


İndi isə ABŞ-nin çəkilməsi ssenarisi reallaşarsa, Almaniya həm Ukraynaya yardımda önə çıxmalı, həm də Avropa qitəsində təhlükəsizlik zəmanətləri vermək üçün daha genişmiqyaslı hərbi-siyasi rol oynamalı olacaq. Bu da ölkə daxilində yeni büdcə prioritetlərinin, ictimai narahatlıqların və regional güc rollarının formalaşmasına səbəb ola bilər”.

 

Həmçinin politoloq ABŞ-nin qalmasının siyasi mesaj olduğunu da qeyd edib:

 

“Qərb hələ də Ukraynanı “strateji prioritet” kimi görür və Rusiyanın regionda yeni reallıqlar yaratmasına imkan vermək istəmir. Əgər ABŞ səhnədə qalırsa, Ukrayna ordusu daha uzun müddətli müqavimət imkanına sahib olur və Rusiya istədiyi strateji qələbəni gecikdirə bilər.Digər tərəfdən, ABŞ-nin müharibədə qalması NATO-nun da birliyini gücləndirir. Xüsusilə Avropa dövlətləri üçün bu, siyasi-mənəvi dayaqdır. Əks halda, ABŞ-nin çəkilməsi Avropada ABŞ-nin “etibarlı tərəfdaş” obrazını zəiflədər və bu, Avropa daxilində yeni güc balanslarına, Fransa və Almaniyanın öz təhlükəsizlik strategiyalarında sərt dönüşlərinə səbəb ola bilər”.

 

Politoloq qeyd edib ki, Çin-Rusiya yaxınlaşması Qərb üçün yeni və daha genişmiqyaslı təhlükəsizlik çağırışları yaradır:

 

“Çin və Rusiya arasında formalaşan strateji yaxınlaşma xüsusən texnologiya, enerji və hərbi əməkdaşlıq sahələrində Qərb üçün yeni "soyuq müharibə" konfiqurasiyası yaradır. Bu ittifaq, NATO-nun və Aİ-nin təhlükəsizlik yanaşmasını yalnız Avropa ilə məhdudlaşdırmaqdan çıxarıb, daha geniş Avrasiya miqyasına yönəldir.Qərb bu tandem qarşısında təkcə Ukrayna müharibəsi kontekstində deyil, həm də Hind-Sakit okean regionunda mövqelərini möhkəmləndirməyə çalışacaq. Bu, xüsusilə ABŞ, Yaponiya, Avstraliya və Hindistan arasında formalaşan QUAD platformasının fəallaşması, eləcə də AUKUS kimi müdafiə alyanslarının genişlənməsi ilə müşayiət olunur.

 


Almaniya və Fransa üçün bu cür geopolitik realıqlar artıq təkcə enerji və iqtisadi təhlükəsizlik deyil, həm də texnoloji suverenlik məsələlərini ön plana çıxarır. Çin və Rusiya təkcə fiziki güc birliyi deyil, həm də “avtoritar modernləşmə” modelini təqdim edir ki, bu da Qərbin liberal dəyərlər sistemini təhlükə altına alır. Bu mənada Qərbdə artıq təkcə Rusiya ilə deyil, sistemlərarası qarşıdurma anlayışı möhkəmlənir”.

Səkinəbəyim Cəfərova