Konqodan olan tələbələr də Azərbaycana təxliyə olunub

Tarix: 19:51 25.06.2025
İran İslam Respublikasında təhsil alan Konqo Demokratik Respublikasının 12 nəfər vətəndaşı növbəti humanitar təxliyə əməliyyatı çərçivəsində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə olunub.
"İnformator.az" xəbər verir ki, təxliyə olunan şəxslərin hamısının İranda ali təhsil alan tələbələr olduğu bildirilir.
Onlar İran ərazisində baş verən son hadisələr və artan təhlükəsizlik riskləri səbəbilə ölkədən çıxmaq üçün Azərbaycanın yaratdığı humanitar dəhliz imkanından yararlanıblar. Təxliyə prosesi əvvəlcədən razılaşdırılmış beynəlxalq prosedurlar çərçivəsində, təhlükəsizlik və tibbi nəzarət tədbirləri ilə birlikdə həyata keçirilib.
Konqolu tələbələr sərhəd-keçid məntəqəsində onlara göstərilən diqqət, nəzakətli rəftara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.