GƏNCƏ ÜSYANI

Tarix: 21:10 25.06.2025
Tariximizdə elə günlər, aylar var ki, həmin günlərdə, aylarda baş verən hadisələr əsrlər sonra da unudulmur (hətta uzun illər əks-təbliğat aparılsa da). May ayı bu baxımdan xalqımızın istiqlal tarixində çox önəmli hadisələrlə zəngin bir ay olub. Məsələn, 1920-ci il mayın 26-dan 31-dək Gəncədə baş verən xalq üsyanı. Bu üsyanı Sovet dövrü tədqiqatçlarımız birmənalı olaraq xalqa belə təqdim edib: “Ölkəni xaricilərə satmaq istəyən, istismarçıların mənafeyini müdafiə edən, türk işğalçılarının süngüsü gücünə hakimiyyət başına gələn, burjua-mülkədar müsavat hökumətinin tör-töküntülərini məhv etmək üçün Gəncədə XI Qırmızı Ordu təcili tədbirlər gördü. Bu tədbirlərin həyata keçirilməsində Gəncə erməniləri və bolşeviklər XI Qırmızı Ordunun əsgərlərinə böyük xidmət göstərdilər”.
Həqiqət isə belə idi: “Gəncə üsyanı Sovet işğalına qarşı 1920-ci il mayın 26-dan 31-dək Gəncədə baş vermiş xalq üsyanı olub”. Üsyan Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın ən kütləvi və mütəşəkkil müqaviməti” idi. Tanınmış publisist Ceyhun bəy Hacıbəyli yazırdı ki, “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən qəsbi-etibar qazandığı bir dastandır”.
Yuxarıda qeyd etdiyim kimi uzun illər bu dastana öz alimlərimiz (əgər onların və əsərlərinin adlarını çəksəm bir neçə qəzet sayı bəs etməz) tam başqa don geydirsələr də, tarix sübut etdi ki, xalq öz azadlığının, müstəqilliyinin işğalına qarşı mübarizəyə qalxıb. Elə tarixi faktlar da sübut edir ki, üsyan kor-koranə başlamayıb. Ona xalqın vətənpərvər, millətsevər oğulları başçılıq edib. Üsyanın hazırlanmasında və həyata keçirilməsində əsas qüvvə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri olub.
1920-ci ilin 28 aprelində XI Qırmızı Ordunun əsgər və zabitlərinin (əsasən də erməni və ruslardan ibarət) xalqımıza qarşı törətdikləri dəhşətli qırğınla barışa bilməyən oğullarımız mayın 23-də müşavirə keçiriblər. Bu üsyana başçılıq edən qüvvələrin sonuncu müşavirəsi idi. Müşavirədə Azərbaycan ordusunun “təchizat rəisi general Məhəmməd Mirzə Qacar, I piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyanın komandiri Teymur bəy Novruzov, III Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyov” daha fəal iştirak ediblər”.
Üsyan “1920-ci il mayın 25-dən 26-na keçən gecə başlayır. Tarixi mənbələrdən belə aydın olur ki, “üsyanda başlıca qüvvə Azərbaycan ordusunun I piyada diviziyası, III Gəncə alayının şəhərdə olan bölmələri, III Şəki süvari alayının təlim komandası, bir topçu bateriyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi”.
Qocaman tədqiqatçı və yazarlarımız Qılman İlkinin və Manaf Süleymanlının əsərlərindən də aydın olur ki, bu üsyanda könüllülərlə yanaşı qaçaqların dəstələri də fəallıq göstərib və “şəhər əhalisindən qoşulan könüllülərlə birlikdə üsyançıların sayı 10 mindən artıq olub”. Üsyançılar iki-üç günə şəhərin mühüm obyektlərini, o cümlədən “hərbi anbar, şəhər həbsxanası, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binasını” ələ keçirdilər. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 2 ilinin tamam olması münasibətilə Gəncə üsyanının rəhbərləri və şəhər ictimaiyyəti dairə məhkəməsinin binasında toplaşaraq ildönümünü qeyd edirlər.
Tədbirə mane olmaq üçün Şura hökuməti “mayın 28-də 18-ci süvari diviziyasını Zaqatala bölgəsindən gətirərək Gəncə ətrafında yerləşdirir və mayın 29-da kifayət qədər möhkəmləndirilən qırmızı qüvvələrin üsyançılar üzərinə hücumu uğursuzluqla başa çatır”. Bir neçə istiqamətdən həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər.
Üsyanın bütün Azərbaycanı bürüyəcəyindən qorxuya düşən bolşeviklər daha amansız üsullara əl atdılar. Gəncəyə daha çox qüvvə gətirmək üçün “XI Qırmızı Ordu komandanlığı 20-ci diviziyanın Gürcüstan sərhəddində olan 2-ci briqadası, Bakıdakı zirehli avtodivizion Gəncəyə göndərildi”. Artıq mayın 30-da Gəncədə “XI Qırmızı Ordunun 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi”.
Mayın 31-də Qırmızı Ordunun qüvvələri şəhərə bütün istiqamətlərdən hücuma keçdilər. Hücmda çox sayda topların və zirehli avtomobillərin olması vətəninin azadlığı uğrunda mübarizəyə qalxan üsyançıların müqavimətini qıra bildi. XI Qırmızı Ordunun əsgərləri (arxiv sənədləri bir daha təsdiq edir ki, onların böyük əksəriyyərti milliyyətcə erməni və ruslar olub) təkcə üsyançılara deyil, bütün şəhər əhlinə dəhşətli divan tutub. Dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyiblər.
Üsyan yatırıldıqdan sonra həbs etdikləri Azərbaycan ordusunun “12 generalı, 27 polkovniki və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi”. Onların ailələri, yaxın qohum-əqrabaları isə yerli bolşeviklər tərəfindən dəhşətli işgəncələrə məruz qaldı.
XI Qırmızı Ordunun xalqımıza qarşı özbaşınalığı və törətdiyi vəhşiliklər haqqında Həmidə xanım Cavanşir (Məmmədquluzadə) də “Xatirələrim”də yazırdı: “Gəncə üsyanını yatıran qoşun hissələri qəzəb içində Qarabağa qayıdır, qarşıya çıxan nə varsa yandırıb, qana boyayıb yerlə-yeksan edirlər. Qoşunlar 5-7 yaşdan yuxarı rast gəldikləri başıpapaqlıları aman vermədən öldürüdülər. Azərbaycanın başqa yerlərində də belə üsyanların baş verməməsi üçün kommunistlər dəhşətli kütləvi terrora əl atıblar”.
Tədqiqatçı alim Ataxan Paşayev çox yaxşı qeyd edir ki, “Azərbaycan Sovet hakimiyyəti qurulduğu ilk gündən burada bolşevik totalitar rejiminin əsasları qoyulub. Respublikada bütün hakimiyyət sükanını öz əlində cəmləşdirən AK(b) P MK-nin rəhbər heyəti başqa millətlərdən təşkil olunmuşdu. Burada həlledici rolu S.M.Kirov, S.Orconikidze, A.Mikoyan, L.Mirzoyan və başqaları oynayırdı”.
Ataxan müəllim daha sonra yazır ki, “Sovet hakimiyyətinin 70 il ərzində Sovet təbliğatı azərbaycanlılarla ermənilər dostdu, qardaşdı ideyasını sıradığı bir vaxtda ermənilər həm Ermənistanda, həm də İttifaq miqyasında Türkiyə və türklərə qarşı açıq, Azərbaycana və azərbaycanlılara qarşı isə üstüörtülü şəkildə ərazi iddiası irəli sürür, təbliğat aparırdılar. Respublikamızda isə bu haqda nəinki yazmaq, hətta belə sözləri dilə gətirmək belə yasaq idi”.
Bəli “sən sevsən də sevəcəm, sevməsən də” prinsipini əldə bayraq edərək zor gücünə düşməndən sevgi umduq. Buna nail ola bilmədikdə özümüz özümüzü alçaltdıq, sevdik onları. Belə olmasaydı, bu gün məmləkətimizdə erməni və onların havadarlarının nəvə-nəticələri hələ də at oynatmazdılar ki! Bunu mən yox, tarix deyir. Yadıma dahi Əli bəy Hüseynzadənin sözləri düşdü: “fərd nə qədər bilikli olursa olsun, şaşırır, yanılır, yanlış yollara düşür, fəqət tarix əsla şaşırmaz...”.
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı