Bakı qlobal enerji dialoqu üçün platformadır-“Euronews”

Tarix: 16:19 26.06.2025
“Euronews” telekanalı bu il 30 illik yubileyini qeyd edən Bakı Enerji Həftəsinə həsr olunmuş yeni reportaj hazırlayıb.
"İnformator.az"ın verdiyi xəbərə görə, süjetdə qeyd olunur ki, 2-4 iyun tarixlərində keçirilən tədbir qlobal enerji təhlükəsizliyi, davamlı inkişaf və enerji keçidi məsələlərinin müzakirə edilməsi məqsədilə enerji sektorunun liderlərini bir araya gətirib.
Enerji Xartiyası Katibliyinin baş katibinin səlahiyyətlərini icra edən Atsuko Hirose telekanala müsahibəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və universal mexanizmlərin aktuallığını vurğulayıb.
"Əminəm ki, müqaviləmiz son dərəcə vacib olaraq qalır. 2024-cü ilin dekabrında müqaviləyə yeni istiqamətləri - hidrogen, ammonyak, bioqaz, biometan, sintetik yanacaq növlərini, həmçinin karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarını əhatə edən mühüm düzəlişlər edilib. Bu məsələlər 30 il əvvəl gündəmdə deyildi", - o qeyd edib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinqh isə xəbərdarlıq edib ki, 2030-cu ilə qədər bərpa olunan enerjinin payını üç dəfə artırmaq üçün göstərilən səylər kifayət deyil. Bu hədəfə çatmaq üçün illik 1,5 trilyon ABŞ dollar məbləğində investisiya tələb olunur.