Lavrov: NATO-nun 5%-lik xərci Rusiyaya təhdid deyil

Bölmə: Dünya › ,
Tarix: 21:15 26.06.2025

Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmaq planını əhəmiyyətsiz adlandırıb və bu addımın Rusiya üçün ciddi təhlükə yaratmayacağını bildirib.

 

Cümə axşamı keçirdiyi mətbuat konfransında Lavrov qeyd edib ki, NATO-nun gələcək on il ərzində müdafiə xərclərini artırmaq qərarı Rusiyanın təhlükəsizliyinə ciddi təsir göstərməyəcək. O, Rusiyanın addımlarının beynəlxalq hüquqa və milli maraqlara uyğun olduğunu vurğulayıb.

 

NATO bu qərarı Rusiyadan qaynaqlanan uzunmüddətli təhlükəyə və ABŞ Prezidenti Donald Trampın Avropanın müdafiəyə daha çox töhfə verməsi ilə bağlı çağırışlarına cavab olaraq qəbul edib.

 

Rusiya isə 2025-ci il büdcəsinin 40 faizindən çoxunu müdafiə və təhlükəsizlik sahəsinə yönəltməyi planlaşdırır və NATO ölkələrinə hücum niyyətində olmadığını bildirir. Kreml NATO-nu Rusiyanı şişirdilmiş təhlükə kimi təqdim etməklə hərbiləşməni təşviq etməkdə ittiham edir.

 

ANEWZ

Gülhüseynova Güllər