Bir Millətin Qüruru - Güclü Azərbaycan Ordusu

Bölmə: Sosial › ,
Tarix: 00:48 26.06.2025

Azərbaycan xalqı üçün 26 iyun tarixi olduqca əhəmiyyətlidir. Hələ 1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Əlahiddə Azərbaycan Korpusunu yaratdı. İlk qurucu qəhrəmanlarımızın atdığı bu addım milli ordu quruculuğunun əsasını qoydu. Təəssüf ki, 1920-ci ildə çürük və nəhəng bir ağac olan Sovet imperiyası körpə Azərbaycanımızı işğal etdikdən sonra ordu quruculuğu müvəqqəti olaraq dayandı.

 

Milli ordunun yenidən qurulmasında dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi oldu. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bununla yanaşı, azərbaycanlı gənclərin müxtəlif hərbi məktəblərdə təhsil almasına şərait yaradıldı. Bu, gələcəkdə güclü zabit kadrlarının yetişməsinə imkan verdi.

 

1993-cü ildə ölkədə yaranmış çətin vəziyyəti aradan qaldırmaq üçün xalqın çağırışı və millətin istəyi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Bundan sonra ordu quruculuğu daha da gücləndirildi. 1998-ci ildə onun imzaladığı sərəncamla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, 26 iyun – Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başladı. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması da hərbi təhsilin inkişafına təkan verdi.

 

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və müasir ordularından biridir. Ordumuzda Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri fəaliyyət göstərir. Hava hücumundan müdafiə sistemləri isə MDB məkanında ən güclülərdən sayılır. Dövlətin ayırdığı büdcə vəsaiti ordunun maddi-texniki bazasının daim gücləndirilməsinə xidmət edir.

Ən böyük qürur mənbəyimiz isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və digər bölgələrimiz geri alındı. Bu qələbə təkcə hərbi gücümüzün deyil, həm də xalqımızın əzminin sübutudur.

Bu gün Azərbaycan Ordusu hər bir vətəndaş üçün fəxr mənbəyidir. Əminik ki, ordumuzun gücü sayəsində Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi və ərazi bütövlüyü daim qorunacaqdır.

 

Fatimə Şahverdiyeva



Bölmədən digər xəbərlər
Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olundu
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.