Qeyri-ruslara hücum-Rusiya nədən “qəzəblənib”?

Bölmə: Siyasət › ,
Tarix: 18:19 30.06.2025

Yekaterinqdə baş verən hadisə Rusiyada azərbaycanlılara qarşı aparılan davamlı diskriminasiya siyasətinin daha bir təzahürüdür.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Tural İrfan bildirir ki, əslində Rusiyada baş verən hadisələrin göstərişi birbaşa hakimiyyətin özü verib:

 

“Özbaşına heç bir hüquq mühafizə orqanlarının əməkdaşı gedib qətl törətməz. Təyyarəmizi vurub, terorr ediblər. İndi də əhalini Rusiyada məhv edirlər. Müsəlman və türk əsilli xalqlara qarşı kilsənin də fitvası ilə bu cinayətin başlaması səlib yürüşündən xəbər verir. Əgər kilsə buna hökm veribsə demək səlib yürüşü, din müharibəsidir. Bütün dünya müsəlmanları səfərbər olmalıdır. Çünki ya məhv olacağıq ya da qalacağıq. Bu gün bütün dünyada müsəlmanlara qarşı təzyiq, hücumlar, savaşlar aparılır. Səlib yürüşü də davam edir. Amma açıq fazaya keçməyib. Başqa adlarla, digər ünvanlarda aparılırdır. Lakin rus provaslav kilsəsinin artıq Rusiyada buna açıq rəvac verməsi o deməkdir ki, din davası başlayıb. Əgər belədirsə Putin alovla oynayır. Çünki bu müharibə Rusiya üçün nüvə silahından daha pisdir. Rusiyanın yarısı müsəlman əhali, türk əsilli xalqlar və qeyri-ruslardır. Daxildə özünü müdafiə başlasa Rusiya öz ərazisinə nüvə silahı ata bilməz. Nəticədə bütün dünya üçün böyük təhdid yaratmış olacaq”.

 

Politoloq azərbaycanlıların öldürülməsinə Rusiya hakimiyyətinin biganə yanaşmasının səbəbi əmrin birbaşa rəsmi olaraq dövlət verməsində görür:

 

“Azərbaycan əvvəlcə Türkiyə, Pakistan, Çin kimi dövlətlərlə münasibətlərini sıxlaşdırmalıdır. Avropa ölkələri ilə münasibətlərinin nizam olmasına diqqət etməlidir. Türk dövlətlərinin Rusiyanın cəngindən xilas olması üçün əsasən bu mövzuda Türkiyə ilə işlər görülməlidir. Ermənistan ilə sülh məsələsi başa çatmalıdır. Balanslı xarici siyasət aparılmalıdır. Nə tam Qərb nə də tam Şərq. Çünki dünyada güc balansı daima dəyişir və siyasətlər də dəyişir. Sadəcə balanslı şəkildə hər biri ilə münasibətlərin qorunmasına davam edilməlidir.
Azərbaycan Rusiyadakı vətəndaşların həyatı üçün əlindən gələn təsir vasitələrindən, diplomatik yollardan istifadə edir. Ölkəmizdə Rusiya ilə bağlı mədəniyyət tədbirləri təxirə salındı. Hesab edirəm ki, Türkiyə bazalarının ölkəmizdə yerləşməsi də zəruri hal kimi müzakirə oluna bilər. Eyni zamanda rus məktəbləri bağlanmalıdır. Rusiyanın bizə öz müstəmləkəsi kimi baxmasına yol vermək olmaz. Beynəlxalq təşkilatların da məsələyə münasibət bildirib tədbir görməsi üçün müraciətlər edilməlidir.
Dini zəmində provaslav kilsəsinin belə bir milli, irqi, dini ayrıseçkilik aşılayan cinayətə rəvac verdiyinə görə Qafqaz Müsəlmanları İdarəsi də bəyanat verməli, onları dinə, imana, tolerantlığı qoymağa çağırmalıdır”.

 

Aysel Mirzəyeva