Müharibə və zorakılıq xəbərlərinin psixoloji yükü

Bölmə: Sosial › ,
Tarix: 11:12 01.07.2025

Son illərdə xəbər məkanında müharibə, zorakılıq, təbii fəlakət və kütləvi qətllər kimi mənfi informasiyaların payı xeyli artıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, şok başlıqlardan uzaq durmaq, psixoloji təsirlərə qarşı xəbərdarlıq və həssas qrupların qorunması vacibdir:

 

"Xəbər başlıqlarında qeyri-adi böyük hərflərlə, qırmızı rənglərlə və diqqətçəkən şriftlərlə yazılmış “Şok görüntülər”, “Qan donduran mənzərə” kimi ifadələr insanlarda maraq doğurur və onları xəbəri izləməyə sövq edir. Lakin bu cür başlıqlardan mümkün qədər uzaq durmaq daha məqsədəuyğundur. Çünki bu yanaşma insanların həmin xəbərlərlə daha çox qarşılaşmasına və mənfi təsirlərə məruz qalmasına səbəb olur. Bu cür xəbərlər verildikdə, öncədən xəbərdarlıq edilməli, izləyicilər xəbərdar edilməlidir ki, ürəyi zəif olanlar və ya emosional təsirə meyilli şəxslər bu görüntülərdən uzaq dursun. Bəzi kadrların sansura edilməsi də vacibdir – xüsusilə ölüm və zorakılıq kimi səhnələrdə. Təkcə faciə deyil, hadisə yerində yardım edənlər, sağ qalan insanlar və məsələn, təcili tibbi yardımın vaxtında gəlməsi də işıqlandırılmalıdır. Bu, cəmiyyətin yalnız pisə deyil, yaxşıya da fokuslanmasına kömək edər. Xəbərin sonunda psixoloji dəstək imkanları ilə bağlı məlumatların verilməsi də faydalı ola bilər. Belə ki, ehtiyac hiss edən şəxslər peşəkar yardım ala bilsinlər".

 

Həmçinin psixoloq bu xəbərlər qarşısında yaş və psixoloji xüsusiyyətlərə də toxunub:

 

"Ən həssas qruplar isə uşaqlar və yeniyetmələrdir. Onların psixikası tam formalaşmadığı üçün belə görüntülər təşviş pozuntuları, enurez, aqressiv davranışlar və travmatik reaksiyalarla nəticələnə bilər. Yeniyetmələr arasında bəzən bu səhnələri təqlid etmək kimi təhlükəli hallar da müşahidə olunur. İkinci həssas qrup yaşlılardır – xüsusilə travma sonrası stres pozuntusu yaşayan insanlar. Onlar mediada gördükləri görüntülər nəticəsində keçmiş travmalarını yenidən yaşaya, təşviş, qorxu, hətta panik atakla qarşılaşa bilərlər. Bu cür kontentə qarşı xüsusilə həssas olanlar arasında yüksək empatiya qabiliyyətinə malik, tez təsirlənən, emosional insanlar da var. Eyni zamanda anksiyete – təşviş pozuntusundan əziyyət çəkən şəxslər də bu cür xəbərlərdən uzaq durmalıdırlar. Onlarda ölüm qorxusu, ümidsizlik, gələcəyə inamsızlıq, panik atak və dissosiativ pozuntular yarana bilər. Nəticə olaraq, bu cür xəbərləri yayımlayarkən xüsusi həssaslıq göstərilməli, izləyicilərə öncədən xəbərdarlıqlar edilməli, həssas qruplar nəzərə alınmalıdır. Bu, cəmiyyətin psixoloji sağlamlığının qorunması baxımından son dərəcə vacibdir".

 

Qəmər Kazımzadə