Ukrayna niyə rus dronlarının qarşısını ala bilmir?

Tarix: 21:24 01.07.2025
Hazırda Ukrayna istənilən təhdidə qarşı mübarizə vasitələrinin tətbiqinə kompleks yanaşma sərgiləyir, bu barədə ukraynalı radioelektron mübarizə vasitələrinin istehsalçısı Anatoli Xrapçinski bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Ukrayna hava hücumlarına qarşı müdafiə sistemləri baxımından tam dəstəyi ala bilməyib:
"Müharibənin əvvəlində Ukrayna Qərbdən hava hücumlarından müdafiə sistemlərinin verilməsini istəyirdi. Hətta Ukraynanın hava məkanının Rusiyaya qarşı bağlanması da gündəmdə idi, lakin bu dəstək tam şəkildə təmin olunmadı. Eyni zamanda Rusiya ucuz İran istehsalı olan "Shahed" dronlarından geniş şəkildə istifadə edir. İran bu dronları böyük sayda Rusiyaya verir və Rusiya onları kəmiyyət üstünlüyü ilə istifadə edərək Ukraynaya qarşı hücumlar həyata keçirir. Çoxsaylı raket və dron hücumları zamanı, bəziləri vurulsa da, digərləri hədəfə çatır və ciddi ziyan vurur. Ukrayna hava hücumlarına qarşı müdafiə sistemləri baxımından tam dəstəyi ala bilməyib. Qərbdən müəyyən sözlər verilsə də, bu sözlər hələ tam şəkildə gerçəkləşməyib. Müasir və bahalı müdafiə silahları tam həcmdə Ukraynaya verilməyib. Əsasən köhnə sistemlər göndərilir. Müasir texnologiyalar verilsə də, bu az saydadır. Avropa ölkələrinin öz silah ehtiyatları tükənmək üzrədir və onlar da arsenalı bərpa etməkdə çətinlik çəkirlər. Bu proses həm maliyyə, həm də mütəxəssis çatışmazlığı səbəbilə vaxt tələb edir. Nəticədə Avropa Rusiyaya qarşı silah təchizatında geri qalır.Ukraynaya bu sahədə ən ciddi dəstəyi yalnız ABŞ göstərə bilər. Amma ABŞ-də da vəziyyət qeyri-sabitdir. Trampın mövqeyi bəzən dəyişir – bir gün dəstəklədiyini deyir, başqa gün müharibənin bitməsinin vacib olduğunu bildirir. ABŞ dəstək versə də, bu dəstək hələ ki, Rusiyanın hücumlarını tam dayandırmağa yetmir və gözlənilən effektiv nəticəni vermir".
Qəmər Kazımzadə