Somalidə hərbi helikopter qəzaya uğrayıb

Bölmə: Dünya › ,
Tarix: 17:25 03.07.2025

Somalinin paytaxtı Moqadişuda hərbi helikopter eniş zamanı qəzaya uğrayıb. Helikopterdə olan 8 nəfərdən yalnız 3-ü sağ qalıb. Digər 5 nəfərin taleyi hələlik məlum deyil.


Afrika İttifaqının Somalidəki Dəstək və Sabitlik Missiyasına aid helikopter Aden Adde Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.


Qəzanın ardından helikopter alov topuna çevrilib. Helikopterin Uqandaya məxsus olduğu bildirilib.


Uqanda ordusunun sözçüsü qəzada 3 hərbçinin sağ qaldığını təsdiqləyib. Qalan 5 nəfərin taleyinin isə yanğın tam söndürüldükdən sonra dəqiqləşəcəyi qeyd olunub.


Qeyd edək ki, Afrika İttifaqının Eş-Şəbab terror təşkilatına qarşı mübarizə aparan bu missiyasında hazırda 11 mindən çox hərbi qulluqçu xidmət edir.


TRT HABER
Solmaz Muradova