ABŞ təkzib edib-Ukraynaya yardımı dayandırmamışıq

Bölmə: Siyasət › ,
Tarix: 17:43 03.07.2025

 

Ukraynaya silah tədarükünü tamamilə dayandırmamışıq, yalnız müəyyən bir aspekt dəyişib.Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib:“Qəti şəkildə bildirirəm ki, bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması demək deyil”, - o bildirib.

 

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ən gərgin mərhələlərindən birinin yaşayır:

 

“Onun sözlərinə görə, Rusiya müharibəni bitirməkdə qərarlı görünür, lakin Ukrayna da ciddi müqavimət göstərməkdə davam edir.Belə bir gərgin situasiyada “evcik-evcik”oyunu oynamağın zamanı deyil. Onsuz da indiyə qədər Kiyev Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi tam şəkildə ala bilməyib. Trampın yenidən səhnəyə qayıdışından sonra isə ABŞ Ukrayna ilə bağlı siyasətində geri çəkilməyə başlayıb.


Abbaslı hesab edir ki, bu geri çəkilmə təsadüfi deyil, əksinə, Vaşinqtonun dünyadakı imicinin daha da zəifləməsinin qarşısını almaq üçün atılan addımlardandır. ABŞ anlayır ki, bu müharibənin nəticələri onun nüfuzuna təsir edə bilər. Ona görə də Ukraynaya mesaj verir: “Mən bu savaşda sona qədər olmayacağam”. Dövlət Departamentinin nümayəndəsi Temmi Bryusun açıqlamaları da bunun davamıdır. O, silah yardımının yalnız müəyyən aspektinin dəyişdiyini desə də, faktiki olaraq bu yardımlar müvəqqəti dayandırılıb”.

 

Cavanşir Abbaslının fikrincə, belə bir vəziyyətdə Ukrayna üçün hər an böyük əhəmiyyət daşıyır və bu kimi qərarlar ölkədə ciddi ruh düşkünlüyünə səbəb ola bilər:

 

“Bəli, Ukraynanı bu günə qədər maliyyə və digər yardımlar ayaqda saxlayıb. Amma artıq görünən odur ki, Qərb, xüsusilə də ABŞ, yavaş-yavaş Zelenskinin arxasından çəkilir. Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Amerikanın Ukrayna siyasəti dəyişib”.

 

Cavanşir Abbaslı əlavə edib ki, Ağ Ev rəhbəri bəzən ziddiyyətli fikirlərlə çıxış etsə də, ümumi mənzərə aydındır:

 

“Artıq Qərb, başda Amerika olmaqla, Rusiyanın bu müharibədə məğlub ola biləcəyinə inanmır. Buna görə də ikili mövqe sərgiləyirlər. Rusiya-Ukrayna savaşı əvvəlki kimi gündəmin əsas mövzusu da deyil. Məsələn, ötən ay baş verən 12 günlük İsrail-İran qarşıdurması zamanı bu müharibə artıq tam arxa plana keçmişdi. Görünür, bu da Kreml üçün əlverişlidir. Təəssüf ki, Moskva bu məqsədinə qismən də olsa çatır”.

 



Ləman Mahmudlu