İsraillə ticarətə son qoyulsun, “Soyqırım İqtisadiyyatı” dəstəklənməsin-BMT Eksperti

Tarix: 18:04 03.07.2025
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese İsraillə bütün ticarət və maliyyə əlaqələrinin, o cümlədən silah satışlarının dayandırılmasına çağırıb. O, İsrailin "soyqırım iqtisadiyyatı" qurduğunu və buna dəstək verən beynəlxalq şirkətlərin məsuliyyət daşıdığını bildirib.
Cenevrədə İnsan Haqları Şurasında təqdim olunan hesabatda 60-dan çox şirkətin fələstinlilərə qarşı zorakılığı və köçürülməni dəstəklədiyi qeyd olunub. Onların arasında silah istehsalçıları, texnologiya və maliyyə qurumları da var. Hesabatda deyilir ki, bu şirkətlər İsrailin qeyri-qanuni işğalından faydalanır, fələstinliləri izləmək və hədəfə almaq üçün texnologiyalar təmin edir. Albanese beynəlxalq ictimaiyyəti bu şirkətləri hüquqi cavabdehliklə üzləşdirməyə və "işğal iqtisadiyyatı" ilə əlaqələri tam kəsməyə çağırıb. O vurğulayıb ki, əgər şirkətlər beynəlxalq hüquqa əməl etsəydi, İsrail iqtisadiyyatından tam ayrılardı. Jurnalistlərlə danışan Albanese, zorakılıq və dağıntılardan qazanan şirkətlərin böyük gəlirlər əldə etdiyini bildirib. Məsələn, Təl-Əviv Birjasında müharibə dövründə 200 faiz artım qeydə alınıb. Hesabatda Lockheed Martin, Elbit Systems, IAI, Leonardo SpA və FANUC kimi şirkətlərin adları çəkilib. Danimarkanın Maersk şirkəti isə ABŞ silahlarının İsrailə daşınmasında iştirak edir. Albanese bu mənzərəni "bir adam zənginləşir, bir xalq silinir" ifadəsi ilə yekunlaşdırıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə