Soydaşlara təzyiq: Münasibətlər gərginləşir

Bölmə: Siyasət › ,
Tarix: 21:12 03.07.2025

Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradıb. Rusiya tərəfindən soydaşlarımıza qarşı edilən qanunsuz repressiyalar iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Azərbaycan tərəfi məsələyə sərt reaksiya verərək diplomatik kanallarla narazılığını ifadə edib.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın soydaşlarımıza qarşı qanunsuz, əsassız repressiyaları, həbs və işgəncələrə məruz qoyması təbii olaraq ölkəmizdə də hiddətlə qarşılanıb:

 

"Dövlət bununla bağlı müvafiq addımlar atır və Rusiyaya nota da verilib. Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə səfərində Zəngəzurdan tranzit yolun olması, Azərbaycandan keçid mövzusunda müəyyən razılığın olması kimi mediada müxtəlif mövzularda məlumat yayılır və Rusiyada baş verənlərin əsl səbəbi araşdırılır. Hər bir halda Azərbaycanın regionda güc və söz sahibinə çevrilməsi, dünya miqyasında mövqeyinin olması bəzilərini, o cümlədən Rusiyanı da narahat edir. Lakin bunu anlamırlar ki, Azərbaycan həm regionda həm də qonşularla daima sülh və sabitliyin, birgə inkişafın tərəfdarıdır. Rusiya ilə ölkəmiz arasında hazırda münasibətlər gərgindir, lakin diplomatik əlaqələr yerindədir, səfirlər fəaliyyətdədir. Haqsız olaraq Rusiyada Azərbaycan əsilli vətəndaşlara, iş adamlarına cürbəcür qondarma ittihamlarla problem yaradırlar, vəhşilik törədirlər. Əvvəllər belə vəhşilikləri xüsusi quldur dəstələri yaradaraq onların əli ilə edirdilər. İndi isə artıq dövlət səviyyəsində açıq-aşkar OMON-un vasitəsi ilə edirlər. Azərbaycan dövlət başçısı cənab İlham Əliyev həmişə deyib ki, mən bütün azərbaycanlıların prezidentiyəm. Ona görə Rusiyada yaşayan soydaşlarımızın başına gətirilən bu vəhşiliklərə görə dövlət ciddi addımlar atır və lazımı qarşılıq verilir".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, gərginliyin azalması üçün Rusiya hegemonluqdan, imperiyalizm sevdasından vaz keçməli, vurulan təyyarəmizə görə üzr istəməli, təzminat ödəməlidir:

 

"Soydaşlarımıza qarşı represiya və vandalizm aktlarını dayandırmalı, öldürülən soydaşlarımıza görə hüquqi məsuliyyət daşımalıdırlar. Hesab edirəm ki, bu barədə Azərbaycan beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalı, müraciətlər etməli, dost və müttəfiqlərimizlə məsləhətləşmələr aparmalı və Rusiyaya maksimum təzyiq göstərməyə çalışmalıdır.

Azərbaycanın xarici siyasəti yüksək səviyyədə qurulub və heç kəsə qarşı təcavüzü dəstəkləmir. Azərbaycana qarşı normal münasibətlərdə olan istənilən ölkə ilə biz münasibət qurub sülh və sabitlik şəraitində siyasətimizi yürüdürük. Lakin belə hallar xarici siyasətdə müəyyən dönüş nöqtələri yaratmağa yol açır. Rusiyanın təkcə Azərbaycana qarşı deyil, Orta Asiya xalqlarına və Ermənistan hakimiyyətinə qarşı da oxşar təzyiqləri müşahidə olunur. Bir qədər əvvəl Ermənistanda kilsəni qızışdırıb Azərbaycanla sülhə hazırlaşan erməni hökumətinin üstünə qaldırdı. İndi də xalqımıza qarşı vəhşət və heç bir qanuna sığmayan cinayətlərə rəvac verib. Rusiya mütləq tutduğu yanlış mövqeyi dəyişməli, öz qanunlarına əməl etməsə də beynəlxalq qanunlara riayət etməlidir. Əks halda münasibətlər daha da kəskinləşə, iqtisadi, ticari və başqa sahələrdəki münasibətlərə də zərər vura bilər".

 

Gülhüseynova Güllər