Münasibətlərin yaxşılaşdırılması ilə çıxış edib

Bölmə: Siyasət › ,
Tarix: 21:13 03.07.2025

Cənubi Koreya Prezidenti Li Çje Men Şimali Koreya ilə dialoqun bərpası təklifi ilə çıxış edib, lakin bunun hələlik çətin olduğunu etiraf edib. "Şimali Koreya ilə münasibətləri ABŞ ilə dəqiq koordinasiya əsasında yaxşılaşdırmalıyıq", – Li Men bildirib. Onun fikrincə, dialoqun tamamilə dayandırılması ağılsız hərəkətdir. "Koreya yarımadasında dialoq və əməkdaşlıq vasitəsilə sülh və birgə yaşayış yolunu açaraq ünsiyyəti bərpa edəcəyik", – o əlavə edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Şimali və Cənubi Koreya arasında faktiki olaraq ciddi bir dialoq olmayıb:

 

"2000-ci illərin əvvəllərində müəyyən dialoqlar təşkil olunsa da, ümumi proses davam etməyib və bu mərhələlərin davam etməsi indilik güman olunmur. Son bir ildə tərəflər arasında münasibətlər ciddi şəkildə pisləşib. Hətta ölkələr bir-birinə qarşı casusluq ittihamı ilə çıxış ediblər. Şimali Koreyanın Cənubi Koreyaya müxtəlif məhsullarla dolu şarların göndərməsi vəziyyəti daha da gərginləşdirib. Əslində, iki Koreyanın birləşməsi yolu yalnız dialoqdan keçir. Ancaq bunun gerçəkləşməsi şübhə altındadır".

 

Aygün Babayeva