Azərbaycan-Rusiya arasında konsulluq gərginliyi

Bölmə: Siyasət › ,
Tarix: 13:16 04.07.2025

Son günlər Rusiya və Azərbaycanın diplomatik münasibətlərində müşahidə olunan gərginlik fonunda yeni mübahisə mövzusu – konsulluq dəstəyi məsələsi gündəmdədir. Rusiya Xarici İşlər Nazirliyi və ölkənin Bakıdakı səfirliyi bəyan edib ki, Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq olunub və onlara konsulluq yardımı göstərilməyib. Azərbaycan isə bu iddiaları əsassız sayaraq, əksinə, ölkədə fəaliyyət göstərən “Sputnik-Azərbaycan” media qurumunun və bəzi Rusiya vətəndaşlarının qanuna zidd addımlarına qarşı hüquqi tədbirlərin görüldüyünü vurğulayır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, vəziyyət ciddidir və iki ölkə arasında münasibətlərin gələcək istiqamətini müəyyən edə bilər:


“Bəli, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı vandal hərəkətlər nəticəsində iki nəfər həlak olub. Bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Azərbaycan rəhbərliyi dərhal reaksiyası verib, Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və nota təqdim olunub.


Azərbaycan Prezidenti açıq şəkildə sübut etdi ki, ölkə yalnız sərhədlərində deyil, xaricdə yaşayan vətəndaşlarının da hüquqlarını qorumağa qadirdir. Vandal hərəkətlərə cavab olaraq, Azərbaycanda “Sputnik-Azərbaycan” əməkdaşlarının qanunsuz fəaliyyəti sübutlarla təsdiqlənib və onlar saxlanılıb.


Rusiyada isə azərbaycanlı diaspor sədri Şahin Şıxlinski saxlanılıb. Bütün bunlar vəziyyətin getdikcə daha da gərginləşdiyini göstərir. Halbuki nə Azərbaycana, nə də Rusiyaya bu tip gərginlik lazımdır. Azərbaycanın hazırda əsas gündəliyi quruculuq və inkişafdır – Xankəndi, Şuşa kimi şəhərlərdə beynəlxalq tədbirlər keçirilir.


Təəssüf ki, Rusiya tərəfi bəzən mediada Azərbaycanın daxili işlərinə müdaxilə edən ritorika sərgiləyir. Bu yolverilməzdir. Azərbaycan artıq 90-cı illərin zəif dövləti deyil. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən, Cənubi Qafqazın lider ölkəsidir.


Rusiya səmasında vurulan mülki təyyarə məsələsində də Rusiya hələ cinayətkarları cəzalandırmayıb. Halbuki təqsirkarlar bəllidir. Bununla yanaşı, Moskvadakı azərbaycanlı deputat geri çağırıldı, KİV-ə kiberhücumlar edildi və bütün bu hadisələr təəssüf doğurur.


Hazırda Rusiya-Azərbaycan münasibətlərində müəyyən soyuqluq var, lakin mən inanıram ki, diplomatik kanallar, xüsusən də Xarici İşlər Nazirlikləri və dövlət başçılarının görüşləri sayəsində bu gərginlik aradan qalxacaq. Azərbaycan Rusiya ilə normal münasibətlərin tərəfdarıdır, lakin əgər qarşı tərəf təzyiqlərini davam etdirsə, müvafiq cavabını da alacaq”.


Solmaz Muradova