Yüksək Texniki Peşə Təhsili-Yeni Reallıqlar və İmkanlar

Tarix: 17:32 04.07.2025
Yüksək texniki peşə məktəbləri son illərdə təhsil sistemində, xüsusi əhəmiyyət kəsb edən təhsil pillələrindən birinə çevrilib. Bu məktəblər nəzəri biliklə yanaşı, praktik bacarıqlara malik mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı bu təhsil formasını daha da aktual edir.
Mövzu ilə bağlı təhsil eksperti Sevinc Purkeştasib “İnformator.az”a açıqlamasında bildirib ki, 2020–2021-ci illərdə ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzi nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemlərinin proqram təminatı ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul həyata keçirib:
“Bu tədris proqramında olan tələbələr subbakalavrlara bərabər tutulur.
Subbakalavr – kollecləri bitirən məzunlar adlandırılır. Yəni bu tələbələr subbakalavrlarla bərabər tutulur və subbakalavrlar kimi, heç bir imtahan vermədən, oxuduqları müddətdəki ortalama balları ilə universitetlərə ixtisas seçimi edə bilirlər. Ümumilikdə, bu sistem peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsilin pillələri arasında keçid imkanını da təmin edir. Keçid imkanı dedikdə, yəni subbakalavrdan birbaşa bakalavr səviyyəsinə keçid nəzərdə tutulur. Kollecdəki təhsil sistemi ilə müqayisə etsək və bu təhsil sisteminin hansı üstünlüklər gətirməsindən danışsaq, deyə bilərik ki, kollecdə tələbə kompüter mühəndisliyi, kompüter elmləri və ya bu yönümlü bir ixtisas üzrə təhsil alır. Bu zaman o, daha çox nəzəri hissəni öyrənir. Praktik hissə isə ona artıq sonuncu kursda, təcrübə müddətində təqdim olunur.
Amma yüksək texniki peşə təhsilində isə sistem sırf praktika üzərindən aparılır. Yəni ilk gündən başlayaraq praktika üzərində peşə öyrədilir. Bu təhsil pilləsinin cəmiyyət və əmək bazarı üçün əhəmiyyəti məhz bu peşələr üzrə ixtisaslı kadrlar yetişdirməkdir. Yəni təkcə nəzəri deyil, praktik biliklərə də əsaslanan kadrlar hazırlanır".
Eyni zamanda ekspert məzunların gələcək təhsil və karyera imkanlarının qiymətləndirilməsindən də danışıb :
"Qeyd edə bilərik ki, hazırda əmək bazarında sadaladığım o iki ixtisas – nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemləri, proqram təminatı – üzrə yetərincə kadr ehtiyacına tələbat var.
Hər bir gücünə, biliyinə, savadına arxalanan, bu ixtisasları bitirən kadrlar əmək bazarında imtahan verərək müəyyən şirkətlər və ya müəssisələrdə uğur qazana bilər və sonra peşəsinə uyğun olaraq işlə təmin olunmaq imkanına malikdir”.
Nigar Həsənzadə