Rusiya Bakıya doğru “barışıq addımı” atıb

Bölmə: Siyasət › ,
Tarix: 17:29 04.07.2025

Moskva ilə Bakının barışması istiqamətində ilk addımı, görünür, Rusiya tərəfi atıb. Yekaterinburqda Azərbaycan diasporunun iştirakı ilə baş vermiş münaqişənin araşdırılması vilayət idarəsindən Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib və Baş Prokurorluğun nəzarətinə ötürülüb. Bu barədə “Kommersant” məlumat yayıb.

 

Qeyd olunub ki, oğlu ilə birlikdə “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi təyinatlıların saxladığı Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb. O, yalnız səs-küylü iş üzrə şahid qismində dindirilib. Rusiyanın İstintaq Komitəsindəki mənbə təsdiqləyib ki, digər məhbuslar, o cümlədən əvvəllər həbs olunmuşlar hələ də həbsdədir və onların prosessual statusu dəyişməyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Rusiya bu addımla əslində öz səhvini düzəltməyə çalışır:

 

" Çünki Şahin Şıxlinskinin saxlanılması səs-küylü və kobud şəkildə baş verdi. Onunla birlikdə saxlanılanlar zorakılıqla həbs olundu. Bu görüntülər bütün televiziya kanallarında yayımlandı. Xüsusi təyinatlılar insanlara qarşı güc tətbiq etdi. Sonra da iddialar səsləndi ki, guya azərbaycanlılar cinayətkar qruplar yaradır, qanunsuz işlərlə məşğul olur. Bu, süni şəkildə qorxu yaratmaq cəhdi idi. Bəlli oldu ki, məsələ Kremlə qədər çatdırılıb. Nüfuzlu azərbaycanlılar müdaxilə edərək tələb etdilər ki, hüquqlar pozulmasın. Yalnız bundan sonra Şıxlinski azadlığa buraxıldı. Amma bütövlükdə bu hadisə göstərdi ki, azərbaycanlılara qarşı qərəzli münasibət mövcuddur. Bu isə milli zəmində nifrət toxumu səpmək cəhdidir və Rusiyanın imicinə ciddi zərər vurur. Belə addımlar göstərir ki, ölkədə milli məsələlərə yanaşmada boşluqlar qalır. Əslində, azərbaycanlılar Rusiyada yalnız miqrant deyil. Onlar eyni zamanda avtoxton millətdir, xüsusilə Dağıstanda, Dərbənddə yerli əhalidirlər. Bəziləri Sovet İttifaqı dağılandan sonra Rusiyada qalıb və oranın cəmiyyətinə inteqrasiya olunub. Elmdə, texnikada, müxtəlif sahələrdə uğurla çalışan soydaşlarımız var. Sonradan gələnlər də əməksevər, faydalı insanlardır. Hər millətdə olduğu kimi, içində problemli şəxslər də tapılar. Amma bu, bütün xalqın adına böhtan atmaq üçün əsas ola bilməz".

 

Həmçinin politoloq Azərbaycan xalqının mövqeyini də qeyd edib:

 

"Azərbaycan xalqının heç vaxt Rusiya xalqına qarşı nifrəti olmayıb. Əgər Rusiya bu aqressiv cərəyanı dayandırmasa, vəziyyət daha da gərginləşə bilər. Çünki bu yanaşma təkcə azərbaycanlılara deyil, digər millətlərə də yönəlir. “Krokus” hadisəsində taciklər günahlandırıldı, indi Yekaterinburqda azərbaycanlılara qarşı eyni yanaşma müşahidə olunur. Bu, milli münasibətlərə dair Rusiyada hazırlanan yeni konsepsiya ilə bağlı ola bilər. Hələ qəbul olunmasa da, sənədin içində narahatedici müddəalar var. Multikulturalizmə çağırış edənlər anlamalıdır ki, Azərbaycandakı kimi sağlam multikultural mühit hər yerdə yoxdur. Azərbaycanda heç kim milli mənsubiyyətinə görə sıxışdırılmır. Hətta başqa ölkələrdə təzyiqlərə məruz qalanlar Azərbaycanda sığınacaq tapıblar. Bu, təkcə tarix deyil, bu günün də reallığıdır. Rusiya ciddi şəkildə düşünməlidir – insanları öz ölkəsindən küsdürmək nəyə xidmət edir? Xüsusilə Yekaterinburqda baş verən hadisədə bir nəfər həyatını itirib, özü də Rusiya vətəndaşıdır. Dövlət öz vətəndaşını evində döyür, öldürürsə, qadınlara qarşı fiziki zor tətbiq olunursa, burada danışmağa söz qalmır. Bu, sadəcə biabırçılıqdır. Belə davam etsə, nəticələri ağır ola bilər. Sonra da təəccüblənirlər ki, dünyada niyə Rusiya sevilmir. Bu, acı, amma real mənzərədir".

 

Qəmər Kazımzadə