Azərbaycanla əlaqələr olduqca vacibdir-Kobaxidze

Tarix: 17:23 04.07.2025
Biz region ölkələri, həmçinin yaxın qonşularımız olan Azərbaycan, Türkiyə, Ermənistanla əlaqələri daim genişləndiririk və bu olduqca vacibdir.Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İmedi telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.
Onun sözlərinə görə, ərəb və Mərkəzi Asiya ölkələri ilə münasibətlər istiqamətində də fəal iş aparılır.İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Avropa İttifaqındakı əsas tərəfdaşı olan Macarıstanla çox sıx və uğurlu əlaqələr saxlayır:
“Biz gürcü xalqına qarşı çox və yaxud az xeyirxahlıqla yanaşan digər dövlətlərlə də münasibətlərin maksimum inkişaf etdirilməsi üçün çalışırıq”.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəla, Gürcüstanın Azərbaycanla tərəfdaşlığa meyil etməsi anlaşılan və başa düşülən deyil:
“Onu da qeyd edək ki, Azərbaycan-Gürcüstan əlaqələri sadəcə Gürcüstanın maraqları çərçivəsində və təkcə ona faydalı deyil. Azərbaycan da burada maraqlıdır və Azərbaycanın maraqlarının təminatında Gürcüstanla əlaqələr, eləcə də ikitərəfli və beynəlxalq layihələrin birlikdə işlənməsi kifayət qədər effektiv gələcək və nəticələr vəd edir.
Amma Gürcüstanın bu nöqtədə Azərbaycanla münasibətlərə daha çox ehtiyacı vardır. Birinci növbədə onu nəzərə almalıyıq ki, bu gün beynəlxalq münasibətlər sistemi dəyişməkdədir. Əvvəllər nəzəri olaraq hər kəs beynəlxalq hüququ ön plana qoyurdusa və düşünülürdüsə ki, bir gün gələcək və beynəlxalq hüquq daha vacib olacaq, dövlətlər məhz həmin hüququn şərtlərinə boyun əyəcəklər və dünya siyasəti bu şəkildə şəkillənəcək – bu yanaşma artıq tarixə qovuşma mərhələsinə qədəm qoyub. Biz gördük ki, praktikada bu işləməyib.
Çünki bütün dövlətlər beynəlxalq hüququn nə deməsindən asılı olmayaraq, öz maraqlarından çıxış ediblər. Qarabağın işğalı da, Rusiyanın Ukraynadakı əməliyyatları da buna misaldır. Beynəlxalq hüquq bu işğalları dayandırın deyir, amma Ermənistan da, Rusiya da bacardıqca öz maraqlarını təmin etmək üçün bütün hüquqsuzluqlara və haqsızlıqlara yol verərək həmin işğalı davam etdirmək siyasətindən çıxış ediblər. Rusiya hələ də bu siyasəti davam etdirir.
Eyni zamanda, məsələn, Amerika Birləşmiş Ştatlarının özü də dünyaya demokratiya dərsi keçirməyə çalışır. Amma İraqın işğalı, Əfqanıstana müdaxilə, nə bilim, Vyetnamdakı müharibə – bunları bir kənara qoysaq, sırf Ərəb dövlətləri üzərindən bir nümunəyə baxsaq, görərik ki, Amerika Birləşmiş Ştatları nə etdi? Ərəb dövlətlərinin hamısı diktatura ilə idarə olunurdu, amma Amerika o diktatorlardan yalnız özünə işləyənləri saxlayıb, öz maraqlarına qarşı çıxanları isə ya devirib, ya da xalqın əli ilə aradan götürüb.Bu da göstərdi ki, Amerika dövləti – beynəlxalq sistem nəzəriyyəsini ortaya atan əsas dövlətlərdən biri olmasına baxmayaraq – məsələlərə nə beynəlxalq hüquq, nə də ədalət prizmasından yanaşır. Yanaşma yalnız milli maraqlar üzərindən qurulub.
Bu gün Gürcüstan və Azərbaycan tərəfləri dəyişən bu reallıqda – yəni dövlətlərin maraqlarının ön plana çıxdığı yeni dünya düzənində – artıq Cənubi Qafqazın müstəqilliyini birgə təmin edə bilərlər. Əslində, bu, bir növ zaman-zaman həyata keçirilib də deyə bilərik.
Paşinyana qədər Ermənistanın bütün iqtidarları dövləti sanki Rusiyanın bir şirkəti kimi idarə edirdilər. Kremldən gələn əmrlər, göstərişlər və ya tövsiyələr əsasında Ermənistan dövləti hərəkət edirdi. Amma Azərbaycan tərəfi müstəqilliyini bərpa etdikdən bu günə qədər və gələcəkdə də dünya siyasətinə necə yanaşır? Elə Rusiyaya da, İrana da, Qərbə də, Amerikaya da, Çinə də müstəqil olduğunu izah edir və onun xarici siyasətinə və daxili işlərinə qarışılmamasını tələb edir.Gürcüstanda da vəziyyət belədir. Saakaşviliyə qədər nə qədər uğurlu, nə qədər uğursuz olsa da, balans qorumağa çalışırdılar. Saakaşvili dönəmində isə Gürcüstan tərəfi Cənubi Qafqazı Rusiya təhlükəsindən qorumaq və Qərbə inteqrasiyanı əsas götürmüşdü. Bu gün Azərbaycan və Gürcüstan Cənubi Qafqaz siyasətini birgə işləyə bilərlər. Burada enerji məsələləri, digər iqtisadi məsələlər, xarici siyasət prioritetləri, tranzit məsələləri var.
Bütün bu nöqtələrdə bu iki dövlətin birgə işləməsi Cənubi Qafqazın İran və Rusiya kimi imperial maraqlardan çıxış edən dövlətlərin təsirindən qorunmasına və müstəqil xarici siyasət həyata keçirməsinə imkan verə bilər”.
Həşim Səhrablıya görə bu regional siyasətdə Avropa İttifaqına inteqrasiya məsələsinə – indiki məqamda həm Gürcüstan, həm Azərbaycan, eləcə də Ermənistan tərəfi artıq o şovinist ideyalardan əl çəkir:
“Zəngəzur dəhlizinin açılması başda olmaqla, Cənubi Qafqazın maraqlarına uyğun olan bütün planlara və siyasi-iqtisadi addımlara qatılmaq lazımdır.Beləliklə, Cənubi Qafqaz ölkələri ayrı-ayrılıqda və ya birgə layihələr, işbirlikləri şəklində bu regionu dünyəvi güclərin toqquşmasından xilas etməlidirlər. Əgər biz bu gün ya ayrı-ayrılıqda dövlətlər olaraq, ya da birgə Cənubi Qafqaz ölkələri olaraq hər hansı bir tərəfə yönəlsək, digər tərəfin hədəfi halına gəlmiş olarıq.Ona görə də indi elə bir əlaqə qurmaq lazımdır ki, həm Rusiya ilə, həm Çinlə, həm Avropa İttifaqı ilə, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətlər balanslı şəkildə saxlanılsın. Heç biri ilə düşmən olmaq lazım deyil. Bir neçəsi ilə əlaqə qurub, digərlərini görməzdən gəlmək, onlarla düşmən olmaq ziddiyyətli, təzadlı və risklidir.
Avropa İttifaqı məsələsinə də məhz bu prizmadan yanaşmalıyıq. Nə Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətləri ilə əlaqələri kəsmək, nə də onları hərbi-siyasi və iqtisadi müttəfiq seçərək Çin və Rusiya ilə münasibətləri korlamaq doğru olar.
Maksimum səviyyədə dünya siyasətində təmsil olunmağa çalışmaq lazımdır və bu təmsil üçün bütün tərəflərlə bərabər şəkildə işləmək vacibdir. Çünki hər tərəfdən iqtisadi və siyasi dividendlər, hərbi və texnoloji faydalar əldə etmək mümkündür”.
Siyasi şərhçi əlavə edib ki, Gürcüstanın balans siyasətinə gəldikdə isə, Gürcüstan bu siyasət üçün bir qədər gecikib:
“Mixail Saakaşvili fərqində idi ki, Rusiya Gürcüstana müstəqil dövlət kimi yox, arxa bağçası kimi baxır. Buna görə də ölkəsini Rusiya təsirindən qurtarmağa çalışıb. Bu, başa düşülən, hər bir vətənpərvər dövlət rəhbərinin və ya sıravi vətəndaşın edəcəyi milli yanaşma idi.Amma Gürcüstan tərəfi bunu bir qədər nizamsız şəkildə etdiyi üçün Rusiyanın separatçıları dəstəkləməsi və indiki şəraitdə ölkənin parçalanması ilə nəticələnən bir reallıq formalaşıb. Gürcüstan indi elə bir situasiyada qərarlaşıb ki, separatizmə qurban gedən və ərazisində işğalın hökm sürdüyü bir ölkədir və bu reallığın qarşısına keçmək asan deyil.
Niyə asan deyil?
Çünki Gürcüstanın qarşısında duran rəqib – yəni separatizmi bitirmək üçün məğlub etməli olduğu tərəf – sıradan bir dövlət deyil, Rusiyadır. Dünya üzrə ərazi baxımından ikinci ən böyük dövlət olan Rusiya iqtisadi baxımdan dözümlü və özünü təmin edə bilən nadir ölkələrdən biridir.Bu səbəbdən Gürcüstan tərəfi balans siyasətini bundan sonra elə aparmalıdır ki, həm separatizmi aradan qaldıra bilsin, həm də həmin reallıqda bir tərəf seçib dünyanın digər yarısı ilə münasibətləri pozmasın. Bu, çətin məsələdir, amma mümkünsüz deyil. Bu, tamamilə ağıllı addımlardan asılıdır.
Hazırda Gürcüstan hakimiyyəti bu yola çıxıb və bu çətinlikləri aşmağa çalışır. Bu istiqamətdə müəyyən uğurlu addımlar da atılıb. Amma fikir verirsinizsə, əvvəllər birmənalı şəkildə Qərbə inteqrasiya etdiyi üçün indiki hakimiyyətin addımları bu dəfə onun ən yaxın dəstəkçiləri olan Qərb ölkələri tərəfindən xoş qarşılanmır və Gürcüstan zaman-zaman öz müttəfiqlərindən də zərbə alır.
Bu da başqa bir reallıqdır. Rusiya ilə düşmən olmuşdular. İndi müttəfiq seçdikləri Avropa dövlətlərinə qarşı atılan addımlar isə onları Avropadan da zərbə alma vəziyyətinə gətirir. Belə bir reallıqda Gürcüstan artıq yönəlir: Türkiyə, Azərbaycan və türk dünyası ilə inteqrasiya proqramlarına. Eyni zamanda, gələcəkdə Gürcüstanın Çindən də iqtisadi və siyasi dividendlər əldə etməyə çalışacağını görə bilərik.
Hazırda Gürcüstanın bu balans siyasətini yenidən qurması və işlətməsi müşkül görünür, amma mümkünsüz deyil. Hər şey bundan sonra atılacaq ağıllı və düzgün addımlardan asılıdır”.
Ləman Mahmudlu