Azərbaycanla Pakistan arasında memorandum imzalanıb

Bölmə: Siyasət › ,
Tarix: 15:43 07.07.2025

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

 

Sənədi Azərbaycan tərəfindən nazir, Pakistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıb.

 

“Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək”, - deyə M.Cabbarov qeyd edib.

 

Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan strateji müttəfiq dövlətlərdir:

 

“Son illərdə bu yaxın münasibətlər, xüsusilə iqtisadi-ticari əlaqələr və qarşılıqlı sərmayə qoyuluşu sahəsində özünü daha aydın şəkildə göstərməyə başlayıb. Bu cür təşəbbüslər iki ölkənin bir-birinə daha da yaxınlaşmasına zəmin yaradır.
Hazırda Azərbaycanla Pakistan arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq ən yüksək səviyyədə davam edir. Azərbaycanın Pakistanda istehsal olunan bəzi silahları idxal etməyə maraqlı olması və bu istiqamətdə artıq konkret addımların atılması da bu əməkdaşlığın nümunəsidir.
Bununla yanaşı, iki ölkə arasındakı iqtisadi-ticari münasibətlərin yalnız hərbi sahə ilə məhdudlaşmaması və digər sahələrə də yayılması olduqca önəmlidir. Sevindirici haldır ki, bu proses artıq başlamış kimi görünür. Yaxın gələcəkdə hər iki ölkənin qarşılıqlı şəkildə bir-birinin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırması ilə bağlı sənədlərin imzalanması gözlənilir. Bu isə iqtisadi, ticari və siyasi-diplomatik münasibətlərin daha da inkişaf edəcəyindən xəbər verir”.

 

Elçin Xalidbəyli əlavə edib ki, Azərbaycan və Pakistan, beynəlxalq arenada da bir-birinə daim dəstək göstərən ölkələrdir:

 

“Strateji müttəfiqlər olaraq, qlobal məkanda ortaq müdafiə və siyasi mövqe sərgiləyirlər. Bu kontekstdə, Türkiyənin də rolu xüsusi qeyd olunmalıdır. Azərbaycan, Türkiyə və Pakistan bu gün bütün sahələr üzrə ortaq maraqlara malik olan və bir-birini qlobal miqyasda dəstəkləyən ölkələrdir.


Xüsusilə Hindistanın Pakistana qarşı təcavüzkar mövqe nümayiş etdirdiyi dönəmlərdə bu üç dövlətin arasındakı münasibətlərin nə qədər güclü olduğu bir daha təsdiqləndi. Həm Azərbaycan, həm də Türkiyə bu məsələdə Pakistana birmənalı dəstək verdi. Bu isə onu göstərir ki, adıçəkilən üç ölkə strateji müttəfiq olaraq yüksək anlaşma şəraitində fəaliyyət göstərirlər.
Bütün bunları nəzərə alaraq demək olar ki, yaxın gələcəkdə digər sahələrdə də əməkdaşlıq və tərəfdaşlıq daha da inkişaf edəcək”.

 

Ləman Mahmudlu