Ali Məhkəmədə Adem Albayrakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 15:51 07.07.2025

İyulun 7-də ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri ilə Azərbaycanın Ali Məhkəməsində görüş keçirilib.


"İnformator.az" " Teleqraf"a istinadən xəbər verir ki, görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayıb, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə sahəsində də əlaqələrin inkişaf etdiyi vurğulanıb.

 

Qeyd edilib ki, məhkəmə sistemlərinin təcrübə mübadiləsi hüquqi islahatlara töhfə verir, məhkəmə fəaliyyətinin səmərəliliyini daha da artırır.

 

Həmçinin məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi, müasir idarəçilik və ədalət mühakiməsinin şəffaf təşkili sahəsində qarşılıqlı təcrübənin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. 


Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Adem Albayrak isə çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız siyasi və mədəni sahədə deyil, hüquqi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Vurğulanıb ki, son illərdə məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar diqqətəlayiqdir və bu sahədə Türkiyənin də dəstəyi və təcrübəsi hər zaman açıqdır. Bu cür görüşlərin hüquqşünaslar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaratdığı xüsusi qeyd edilib.