MİQ imtahanlarında metodik suallar-Namizədlərin əsas narahatlığı nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:12 08.07.2025

MİQ üzrə imtahanlarda metodik sualların çətinliyi ilə bağlı narahatlıqlar son günlərdə yenidən gündəmə gəlib. MÜTDA-nın direktor müavini Vəfa Yaqublu bildirib ki, bu tip sualların cavablandırılması yalnız nəzəri biliklərlə deyil, eyni zamanda pedaqoji təcrübə və duyumla da bağlıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, metodik sualların çətinliyi ilə bağlı müzakirələr son günlərdə yenidən aktuallaşıb:

 

 

"Vəfa Yaqublunun çıxışı isə müəllim namizədləri arasında ciddi rezonans doğurub. O, qeyd edir ki, metodik suallar sadə nəzəri biliklərlə cavablandırıla bilməz. Bu tip suallara cavab vermək üçün pedaqoji təcrübə, məktəb mühiti ilə tanışlıq, şagird psixologiyası və ehtiyaclarını anlama, eləcə də tədris prosesinin mahiyyətini duymaq bacarığı vacibdir. Bu da onu göstərir ki, suallar təkcə kitabi biliklərə əsaslanmır, real dərs prosesində verilən qərarlar, situasiyalara uyğun davranış modelləri və müəllimin praktiki təcrübəsi həlledici rol oynayır.

 

Əsas narahatlıq ondan ibarətdir ki, yeni məzunlar, praktiki dərs keçməyən, pedaqoji təcrübəsi olmayan müəllim namizədləri bu sualları anlamaqda və cavablandırmaqda çətinlik çəkirlər. Sualların bəzilərinin subyektiv görünməsi, cavabların isə dəqiq və aydın olmaması ilə bağlı narazılıqlar da var. Bundan başqa, hazırlıq vəsaitlərinin və uyğun resursların çatışmazlığı da metodik suallara effektiv hazırlığı çətinləşdirir.

 

Namizədlər üçün metodik biliklərin praktiki nümunələrlə izah edilməsi, simulyasiya dərsləri vasitəsilə hazırlanması vacibdir. Hazırda imtahan modeli daxilində bu istiqamətdə treninqlər və praktikumlar demək olar ki, təşkil edilmir. Təhsil Nazirliyi bu sahədə rəqəmsal platformalar, video dərslər və çətin sualların izahı ilə bağlı açıq materiallar təqdim etməlidir. Bu cür yanaşmalar həm müəllimlərin keyfiyyətinin yüksəldilməsinə, həm də namizədlərin stresssiz və ədalətli qiymətləndirilməsinə töhfə verə bilər".

 

Həmçinin ekspert bildirib ki, metodik sualların çətinliyinin səbəbləri arasında ilk olaraq keyfiyyətli müəllim seçiminə olan tələb dayanır:

 

 

"Məqsəd yalnız bilikli deyil, həm də praktiki bacarığı və pedaqoji düşüncəyə malik müəllimləri seçməkdir. Bu baxımdan suallar müəllimin dərsə yanaşmasını, şagird yönümlü düşünmə qabiliyyətini, sinifdə vəziyyətə uyğun qərarvermə bacarığını yoxlamağa yönəlib. Vəfa Yaqublu da qeyd edir ki, metodik suallar sırf nəzəri biliklərlə cavablandırıla bilməz – təcrübəli, tədris prosesini duyan və şagirdin psixoloji ehtiyaclarını anlayan namizədlərə üstünlük verilir. Bu yanaşma həm də məktəb reallıqlarına uyğunluğu əsas götürür.

 

Təhsil sistemi artıq tənqidi düşüncə, fərdiləşmiş tədris və aktiv təlim metodları üzərində qurulur. Bu səbəbdən suallar da şablon deyil, situativ düşüncə tələb edir. Bu isə bəzi namizədlər üçün çətin görünə bilər. Paralel olaraq, imtahan modeli də dəyişib – şəffaflıq, nəticəyönümlülük və müəllim keyfiyyətinin artırılması əsas hədəflərdəndir. Metodik sualların səviyyəsinin yüksəldilməsi ilə reallığa yaxın qiymətləndirmə, müasir dərs nümunələrinin tətbiqi tələb olunur. Namizədlərin çətinlik çəkməsinin digər səbəbi isə metodik suallar üzrə konkret və standart hazırlıq materiallarının azlığıdır. Bu suallar müxtəlif müəllim yanaşmalarının nəzərə alınmaması və cavab variantlarının bir-birinə yaxınlığı da əlavə çətinlik yaradır.

Nəticə etibarilə metodik sualların çətinliyi – nəzəri biliklə yanaşı, şagirdlə işləyə bilən, sinfi idarə edən, pedaqoji yanaşma sərgiləyə bilən müəllimlərin seçilməsinə xidmət edir. Məqsəd – pedaqoji baxımdan hazırlıqlı, savadlı və şüurlu müəllimləri sistemə cəlb etməkdir.

 

Lakin nəzəri biliyi yüksək, amma təcrübəsi olmayan namizədlər üçün bu yanaşma müəyyən mənada ədalətsiz görünə bilər. Çünki onlar real dərs prosesi ilə təmasda olmadan bu sualları cavablandırmalı olurlar. Universitet dövründə keçirilən pedaqoji təcrübə çox vaxt formal xarakter daşıyır və dərs prosesini tam əhatə etmir. Yeni məzun müəllimlərin qarşısında dairəvi maneə yaranır: işləmək üçün təcrübə lazımdır, təcrübə qazanmaq üçün isə işə qəbul olunmaq.

 

Bu prosesdə resurs çatışmazlığı da mühüm amildir. Təcrübəsiz namizədlərə metodik hazırlıq üçün kifayət qədər praktiki nümunə, video dərs, real sinif vəziyyəti təqdim edilmir. Buna görə də, pedaqoji təcrübəsi olmayan namizədlər üçün imtahandan əvvəl simulyasiya dərsləri, onlayn praktikumlar, izahlı video materiallar təşkil olunmalıdır. Həmçinin yüksək bal toplayan, lakin təcrübəsiz namizədlərə sınaq müddəti ilə iş imkanı verilməsi və müqaviləli alternativ modellər də düşünülə bilər".

 

Nigar Həsənzadə