Qırmızı dənizdə lazer insidenti: Almaniya etiraz edib

Bölmə: Dünya › ,
Tarix: 22:00 08.07.2025

Almaniya Xarici İşlər Nazirliyi bu ayın əvvəlində baş verən insidentlə bağlı Çinin Berlindəki səfirini nazirliyə çağırıb. Hadisə Avropa İttifaqının “Aspides” adlı dəniz təhlükəsizliyi missiyası çərçivəsində Qırmızı dənizdə baş verib. Missiyanın əsas məqsədi Yəmənin Husi üsyançılarının hücumlarından mülki gəmiləri qorumaqdır.

 

Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, patrul uçuşu zamanı Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə “heç bir xəbərdarlıq və səbəb olmadan” lazerlə hədəfə alınıb. Hadisə nəticəsində ekipaj və avadanlıq risk altında qaldığından, uçuş dərhal yarımçıq dayandırılıb. Təyyarə təhlükəsiz şəkildə Cibutidəki bazaya enib və daha sonra vəzifəsini davam etdirib.

 

Almaniya Xarici İşlər Nazirliyi insidenti “tamamilə qəbuledilməz” adlandıraraq, “X” platformasında yayımladığı açıqlamada bunun Almaniya hərbçilərini təhlükəyə atdığını və beynəlxalq qanuni missiyanı pozduğunu bildirib.

 

Çin hökuməti insidentlə bağlı hələlik ictimai açıqlama verməyib.

 

Qeyd edək ki, Aİ-nin “Aspides” missiyası yalnız mülki gəmilərin müdafiəsinə yönəlib və hücum xarakterli hərbi əməliyyatlar aparmır. Qırmızı dənizdə vəziyyət gərgin olaraq qalır, çünki Husi qüvvələri regiondakı dəniz yollarına hücumları davam etdirir. Son olaraq, Husilər Liberiya bayrağı altında üzən yük gəmisinə hücum edib və bir neçə gün əvvəl başqa bir ticarət gəmisini batırdıqlarını iddia ediblər. Bu hadisələr bölgədə eskalasiya təhlükəsini artırır.

 

ANEWZ

Gülhüseynova Güllər