Zaporojyeyə hücum: Yaralılar var

Tarix: 22:01 08.07.2025
Rusiya-Ukrayna müharibəsində gərginlik yenidən artıb. Son günlər Rusiya ordusu Xarkov və Zaporojye şəhərlərinə intensiv hücumlar təşkil edib. Hücumlar nəticəsində mülki şəxslər arasında yaralananlar var və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Məsələ ilə bağlı politoloq Sabir Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya cəbhəsində proseslər gərginliyin artması istiqamətində gedir və çox narahatedici bir mərhələyə daxil olub:
"Rusiya böyük itkilərə məruz qaldığına baxmayaraq hücumlarını davam etdirir və hər gün böyük çətinliklərə baxmayaraq bir neçə yüz metr və ya bir neçə metr irəliləyir. Bu, çox ağır bir məqamdır, çünki həqiqətən çox böyük tələfat verir və eyni zamanda Rusiya Ukrayna istiqamətində, daha sonra Sumi istiqamətində Ukraynaya qarşı çox amansız davranır və dinc əhaliyə qarşı da qırğınlara səbəb olur. Digər tərəfdən, Rusiya Ukraynada sərhəddə və sərhəddən uzaq olan bölgələrə, şəhərlərə, məntəqələrə PUA-lar vasitəsilə zərbələr endirir, hərbi obyektləri sıradan çıxarmağa çalışır — istər zabitlər, istərsə də müəyyən infrastruktur olsun. Yəni bu mənada görürük ki, həqiqətən Ukrayna-Rusiya cəbhəsində hadisələr çox mürəkkəbləşir. Rusiya çox həyasızcasına yaranmış vəziyyətdən istifadə etməyə çalışır, bu mənada ki, ABŞ-nin tutduğu mövqe, hətta bəzən Ukraynanı sıxışdırmağa çalışması və xüsusilə Trampın Putinə və ümumilikdə Rusiyaya qarşı kəskin mövqe sərgiləməməsi nəticəsində Rusiya daha da cəsarətlənir və Tramp üçün Rusiyanın qarşısını bu müharibədə almaq çox çətin olacaq. Ona görə də, müəyyən mənada bir sıra dairələr bu münaqişəni sakitləşdirmək, Rusiyanın üstünlüyünü möhkəmləndirmək və Ukraynanı güzəştə məcbur etmək üçün səy göstərirlər".
Ekspert həmçinin bunu da bildirib ki, hadisələrin gedişi Ukrayna və Qərb ölkələrinin güzəştə razı olmayacağını göstərir:
"Tramp son günlərdə fikirlərində əmin görünmür, tutarlı mövqe sərgiləyə bilmir, amma bu prosesin davamı olaraq faktiki olaraq Tramp artıq Ukraynaya verdiyi dəstəyi zəiflədir. Son nəticə olaraq bu müharibənin sonu nə yaxşı görünür, nə də yaxın perspektivdə görünür. Nəzərə almaq lazımdır ki, Qərb ölkələri, hətta ABŞ də Ukraynada silah, sursat və ümumiyyətlə PUA istehsalını artırmağa çalışır və iki gün əvvəl elan olunmuşdu ki, onlar ABŞ-lə razılığa gəliblər və ildə minlərlə PUA istehsal edəcəklər. Bu da onu göstərir ki, müharibə daha da şiddətlənəcək. Rusiya da öz növbəsində, maliyyə və digər resurslardan istifadə edərək, xüsusilə enerji ixracından əldə etdiyi gəlirlərlə, sanksiyalardan yan keçərək kifayət qədər vəsait əldə edir. Bu maliyyələri istifadə edərək kontraktlar imzalayır və Rusiya daxilində azsaylı xalqların nümayəndələrini, miqrantları və digər şəxsləri müharibəyə cəlb etməyə çalışır. Bu cür cəlbetmələr geniş yayılıb və bu da hansısa bir Rusiyanın rəhbərini dayandıracaq amil kimi görünmür. Bu səbəbdən müharibə daha da uzanacaq. Keyfiyyət baxımından bu, yeni mərhələ sayıla bilməz, bu müharibənin davamı olaraq xarakterizə olunur. Ukrayna və Rusiya bu müharibəni daha da sistemli şəkildə davam etdirməyə çalışacaq.Rusiya isə öz növbəsində daha da sərtləşir.Ukraynanın dinc əhalisinə qarşı hücumlar edəcək və bu, sadəcə olaraq müharibənin davamıdır. Görünən odur ki, bu müharibənin nəticəsi və sülh yolu ilə başa çatması hələ ki mümkün deyil".
Gülhüseynova Güllər