İraq PKK-nın tərksilah olunasına reaksiyası

Tarix: 12:16 09.07.2025
İllərdir İraq ərazisində mövcudluğunu qoruyan PKK-nın fəaliyyəti Ankara-Bağdad münasibətlərində daim gərginlik yaradıb. Son zamanlar isə Türkiyə ilə artan siyasi və hərbi əməkdaşlıq fonunda İraq hökumətinin PKK-ya qarşı mövqeyində dəyişikliklər müşahidə olunur.
İraq hökumətinin PKK-ya qarşı mövqeyində hansı dəyişikliklər müşahidə olunur?
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, İraq hökuməti də artıq PKK-nın tamamilə bitirilməsində, daha dəqiq desək, tərksilah olunmasında maraqlıdır:
"Çünki PKK-nın İraq ərazisindəki varlığı və fəaliyyəti, Türkiyənin zaman-zaman bu ərazilərdə hərbi əməliyyatlar aparmasına səbəb olub. Bu isə İraq-Türkiyə münasibətlərində daim gərginlik yaradıb. İraq öz ərazisi olduğu üçün, Türkiyənin burada əməliyyatlar keçirməsinə həmişə qarşı çıxıb.Lakin son zamanlar iki ölkə arasında aparılan birgə, koordinasiyalı və razılaşdırılmış planlar çərçivəsində, PKK-nın tərksilah olunması məsələsi İraqla demək olar ki, razılaşdırılıb. Paralel olaraq, bu məsələdə Türkiyənin fəaliyyətini dəstəkləyən Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxtariyyəti də mövcuddur. Onlar da PKK-nın tərksilah olunması prosesində Türkiyənin yanında yer alırlar.
Həm İraq hökuməti, həm də Şimali İraq Kürd Muxtariyyətinin bu məsələni razılaşdırılmış şəkildə həyata keçirməsi, terrorun aradan qaldırılması üçün əlverişli mühit yaradır. Bu, həm də regionda sülhün təmin olunmasına xidmət edir. Eyni zamanda, terror vasitəsilə regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısı alınır və xarici güc mərkəzlərinin müdaxilə imkanları məhdudlaşdırılır.
İndiyədək bu cür müdaxilələr əsasən terror vasitəsilə həyata keçirilib. Belə ki, İraq, Suriya və Türkiyə kimi dövlətlərə təsir etmək üçün terror elementlərindən istifadə olunub. Bu layihənin uğurla həyata keçirilməsi bütün region dövlətlərinin maraqlarına uyğundur. Çünki razılaşdırılmış şəkildə terror bitirildikdə, xarici güclərin regiona müdaxilə imkanları tükənəcək və Türkiyəyə təsir vasitələri minimuma enəcək.
Bu da o deməkdir ki, artıq Türkiyə təkcə regional güc olmaqdan çıxaraq, qlobal güc mərkəzinə və beynəlxalq səviyyədə söz sahibi olan bir ölkəyə çevriləcək. Təbii ki, Türkiyə gücləndikcə, onun mövqeləri həm regionda, həm də qlobal miqyasda daha da möhkəmlənəcək".
Türkan Kərimli