PKK-nın tərksilahı-Türkiyə üçün yeni mərhələnin başlanğıcı

Bölmə: Siyasət › ,
Tarix: 12:17 09.07.2025

 

Türkiyə ilə İraq arasında keçirilən təhlükəsizlik müzakirələri nəticəsində, 10–12 iyul tarixləri arasında İraqın şimalında yerləşən PKK terror təşkilatının 30 nəfərlik bir qrupunun silahlarını yerə qoyacağı bildirilib.

 

Bu 30 nəfərlik qrupun hansı şərtlərlə silahı buraxması və bu addımın PKK-nın tam tərksilahına başlanğıc olub-olmadığı, eləcə də Türkiyənin bölgədəki gələcək hərbi planlarına mümkün təsiri nədir?

 

Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, Türkiyə hazırda həssas bir dövrdən keçir:

 

"Təbii ki, PKK-nın artıq silahları buraxması prosesi bir başlanğıcdır. Bütün bu məsələlər terrorçu başı Öcalanla razılaşdırılmış səviyyədə aparılır. DEM Partiyasının liderləri sonuncu dəfə Öcalanla həbsxanada görüşdükdən sonra Türkiyə dövlət rəhbərliyi ilə də konkret görüşlər olub və aparılan proses bu kontekstdə həyata keçirilir. Bu, çox həssas bir məqamdır, çünki burada elementar bir yanlışlıq prosesi tamamilə tərsinə çevirə və münasibətləri gərginləşdirə bilər. Üstəlik, bu məsələlər tamamilə Türkiyə kəşfiyyat orqanlarının və ordunun nəzarəti çərçivəsində aparılır ki, bundan Türkiyəyə qarşı olan qüvvələr yararlanaraq prosesi tərsinə çevirə bilməsinlər. Çünki bu məsələdə PKK-nın tərksilah olunmasını istəməyən qüvvələr var və bu qüvvələr hər zaman tətikdədirlər.Bu baxımdan Türkiyə həssas dönəmdən keçir və həm DEM Partiyası, həm onun həbsxanada əlaqə saxladığı PKK lideri Öcalan, həm də dövlət rəhbərliyi səviyyəsində bu məsələ müzakirə olunur. Bu, bir başlanğıcdır. Təbii ki, başlanğıc çətin olmaqla yanaşı, elə həyata keçirilməlidir ki, kimsə bundan süni şəkildə istifadə etməsin və prosesi yarımçıq saxlamaq istəyənlərə imkan verilməsin.

 

Proses daxilində təxribatlar törətmək istəyənlər də olacaq. Ən azından Türkiyənin mağarada türk əsgərinin cənazəsini axtarış prosesi zamanı titan qazından zəhərlənərək 12 nəfər əsgərin şəhid olması hadisəsi sıradan bir hadisə deyil. Ona görə də bu prosesə əngəl yaratmaq istəyənlər olacaq.

 

Tam tərksilah məsələsinə gəldikdə isə bu bir başlanğıcdır və PKK-nın bütün üzvlərinin tam şəkildə silahı yerə qoyaraq tərksilah olunması planlaşdırılıb və razılaşdırılıb. Terrorçu başı Öcalan tərəfindən bütün PKK üzvlərinə müraciət olunub. Əgər Öcalanı həqiqətən də hər bir PKK üzvü öz lideri sayırsa, bu çağırışa razılaşaraq silahları təhvil verməlidirlər".

 

Ekspert əlavə edib ki, terrorun həm Türkiyədə, həm də Türkiyənin sərhədlərindən kənarda tamamilə bitirilməsi, Türkiyənin regionda mövqelərinin güclənməsi deməkdir:

 

"Bu məsələdə Türkiyə həm İraq, həm də Suriya hakimiyyəti ilə prosesi birgə həyata keçirir. Əgər əvvəllər İraq hakimiyyəti bu məsələdə o qədər də maraqlı görünmürdüsə, artıq güclənən Türkiyə kontekstində heç kim Türkiyəni qarşısına almaq istəmir. Əksinə, Türkiyə ilə əməkdaşlığı genişləndirməyə və bundan bəhrələnməyə çalışırlar.Bu baxımdan bir tərəfdə İraq, digər tərəfdə isə PKK-nın Suriya qolu olan YPG, PYD və yaxud SDG kimi terrorçu qruplaşmaların da perspektivdə silahı tərk etməsi və tərksilah olunması planlaşdırılır. Belə bir vəziyyətin yaranması Türkiyənin regionda böyük bir güc olmasına yol açacaq ki, bu da Türkiyəni zəiflətmək istəyən xarici güc mərkəzlərinin təzyiq və təsir imkanlarını tamamilə məhdudlaşdıracaq.

 

Bu, çox önəmli bir məsələdir. Çünki 30 ildir ki, Türkiyə çox böyük vəsaitlər xərcləyərək terrora qarşı mübarizə aparır. Məsələnin təkcə maliyyə tərəfi deyil, həm də insan itkisi baxımından faciəvi tərəfi var. İstər əsgər, istərsə də mülki şəxs olsun, bu prosesdə 30 mindən çox insan həyatını itirib.

 

"Terrorsuz Türkiyə" layihəsi uğurla başa çatsa, Türkiyənin regionda bəlkə də yeganə güc amilinə çevrilməsi danılmaz olacaq".

 

Türkan Kərimli