Qəzzada yanacaq tükənir, humanitar fəlakət dərinləşib

Bölmə: Dünya › ,
Tarix: 12:26 09.07.2025

BMT-nin humanitar ofisi OCHA, İsrailin blokadası səbəbindən Qəzzada yanacağın kritik həddə çatdığını açıqlayıb. Xəstəxanalar fəaliyyətini dayandırır, təcili yardım maşınları işləyə bilmir, su sistemləri çökmək üzrədir. Yanacaq olmadan reanimasiya, su təmizləmə və qan bankları kimi həyati xidmətlərin dayanması ölümlərin kəskin artmasına yol açır.

 

Əl-Şifa xəstəxanasında vəziyyət gərgindir, səhərə qədər kifayət qədər yanacaq qalmayıb. Körpələr evi, oksigen stansiyaları, qan bankları artıq fəaliyyət göstərmir. Dünya Ərzaq Proqramının nümayəndəsi Karl Skau aclığın yayıldığını, yardım qruplarının isə çarpaz atəşə məruz qaldığını bildirib. Səhiyyə Nazirliyi menenjit hallarının xüsusilə uşaqlar arasında artdığını qeyd edir.

 

İsrailin bombardmanları isə fasiləsiz davam edir. Əl-Məvasi və Şati düşərgəsinə hücumlar nəticəsində azı 95 fələstinli həlak olub. BMT ekspertləri bu hücumları soyqırım kimi dəyərləndirir.

 

Mənbə: Al Jazeera 

Qəmər Kazımzadə