Əliyev-Paşinyan görüşü baş tutacaq

Bölmə: Siyasət › ,
Tarix: 15:22 09.07.2025

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan qonşu dövlətlərlə dinc yanaşı yaşama prinsipinə əməl etməkdədir:


"Xüsusi ilə 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla sülh sazişinin əldə edilməsi üçün Azərbaycan Prezidenti 5 təməl prinsipdən ibarət təkliflə çıxış edib. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana sülh sazişinin əldə edilməsi üçün təkliflərini irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan hələ də qonşularla dinc yanaşı yaşama prinsipinə əməl etmir. Çünki Ermənistan öz Konstitusiyasına əsasən Azərbaycanın ərazi bütövlüyünü tanımır. Onun Azərbaycan ərazisinə iddialı məqamları var. Bu iddialar 2 dövlət arasında sülh sazişinin əldə edilməsinə birbaşa maneə yaradır. Azərbaycan tərəfi dəfələrlə Ermənistana Konstitusiyasında dəyişiklik etməsi ilə bağlı çıxış edib. Belə olan təqdirdə sülhdən söhbət gedə bilməz. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif platformalarda, beynəlxalq tədbirlərdə rəsmi və qeyri-rəsmi olaraq Ermənistan Baş naziri ilə dəfələrlə görüşüb və sülh sazişinin əldə edilməsi üçün konstruktiv mövqeyini ortaya qoyub".

 

Politoloq həmçinin əlavə edib ki, Ərəb Əmirliyində görüşlərin keçirilməsi irəliyə doğru bir addımdır:

 

"Çünki hər bir problemin həlli üçün mütləq şəkildə dialoq vacibdir. Hesab edirəm ki, dövlət başçılarının dialoqu qarşılıqlı anlaşmaya gətirib çıxara bilər. Yəni Azərbaycanın narazılığını rəsmi və qeyri rəsmi şəkildə Azərbaycan Prezidenti Ermənistanın Baş nazirinə çatdırır. Bu görüş isə sülh sazişinə aparan bir yoldur. Bu baxımdan Ermənistanın Baş nazirinin Azərbaycan prezidenti ilə görüşü təqdirəlayiq hesab edilməlidir. Çünki hər bir münaqişənin sonu sülhlə yekunlaşır və bunun da təməli dialoqdur. Ümumilikdə Azərbaycan tək Ermənistanla deyil, bütün qonşularla dinc yanaşı yaşama prinsipinə sadiqdir və bunu da beynəlxalq hüquq normaları çərçivəsində tənzimləməkdədir. Amma problem ondan qaynaqlanır ki, Ermənistanın Baş naziri müstəqil deyil. Ermənistan qərbin əlində bir alətə çevrilib. Bu ölkə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. 10 noyabr sazişinin müddəalarını da könüllü şəkildə deyil, məcburiyyət daxilində həyata keçirdi. Hətta 10 noyabr sazişinin doqquzuncu müddəasını hələ həyata keçirməyib.Yəni Paşinyan müstəqil deyil. O qərbin maraqlarına uyğun olaraq çıxış edir. Xüsusi ilə Ermənistan xarici siyasət doktrinasında Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmir. Ermənistan Azərbaycana qarşı qərəzli davrandıqca ən böyük ziyan ona dəyəcək. Görüş zamanı İlham Əliyev siyasi reallıqları Nikol Paşinyana bildirəcək. Regionda stabilliyin yaranması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirməlidir. Azərbaycan daima qonşularla dinc yanaşı yaşama prinsipinə əməl edir. Xüsusi ilə də 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ilk sülh sazişini Azərbaycan Prezidenti təqdim edib".


Fatimə Heydərova