ABŞ husilərin Qırmızı dənizdə yük daşıyıcılarına hücumlarını pisləyib

Bölmə: Siyasət › ,
Tarix: 18:29 09.07.2025

ABŞ Yəmən husilərinin Qırmızı dənizdə "Magic Seas" və "Eternity C" yük daşıyıcılarına hücumlarını pisləyib.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Qırmızı dənizdə husilər demək olar ki, bütün prosesləri öz nəzarətləri altına götürə biliblər:

 

“Onların bunlar üçün həm texniki hazırlığı, həm də lazım olan hədəfləri vurmaq üçün raket potensialı var. Məsələ budur ki, husilərin bu proseslərə qatılması Qəzzada baş verən bu soyqırım siyasəti ilə bağlıdır. İspaniya, İtaliya, İrlandiya və bu cür Avropa ölkələrində böyük izdihamlı nümayişlər gedir və hamı “azad Fələstin” şüarı adı altında Fələstin xalqına dəstək verir. Husilər bu ölkənin vətəndaşları olaraq potensiallarını səfərbər ediblər ki, İsrailə maksimal dərəcədə riskləri tətbiq etsinlər.

 

Adı çəkilən gəmilər Böyük Britaniyaya məxsusdur. Husilər deyiblər ki, “Hər hansısa gəmi bu yolla İsrailə doğru hərəkət edəcəksə biz onu vuracağıq. Çünki İsrail işğalçı dövlətdir, biz onun gününü qara etməyə hazırıq”.

 

Donald Tramp husilərə zərbələr endiriləndə Ağ Evdə oturub tamaşa edirdi ki, görsün zərbələr hansı effektləri yaradıb. Lakin bu hadisə onu göstərdi ki, sonda ABŞ Prezidenti Trampın izni ilə husilərin nümayəndələri ilə danışıqlara başlanıldı və razılıq əldə olundu ki, onlar bir-birlərinə qarşı hücum etməsinlər. Əgər bir halda ki, ABŞ güc tətbiq edərək geri çəkildisə, göndərdiyi mesajların, xəbərdarlıqların bir təsiri olmayacaq. Husilər faktiki olaraq mütəşəkkil qüvvə kimi özlərini nümayiş etdirirlər. İndi də göstərirlər ki, onlar böyük bir oyunun tam hüquqlu oyunçusudur. Burada biz bir çox ölkələrin fəaliyyətini görürük. Fələstinin ətrafında müsəlman dövlətlərinin çox az sayda iştirakını müşahidə edirik.

 

Hər halda husilərin İranla böyük münasibətləri var. Digər ərəb ölkələri, müsəlman ölkələri var ki, onlar köməklik edirlər, amma adını çəkmirlər. Bu da özünəməxsus diplomatiyanın, siyasətin təzahürüdür. Çünki o ölkələrin çoxusu Qərblə münasibətdədir.

 

Hesab edirəm ki, İsrail-İran qarşıdurması fonunda husilər pusqu vəziyyətindədir. İsrail İrana hücum etsə, husilər artıq tam miqyaslı iştirakla bu prosesə qatılacaqlar. Çünki onlar həmrəy olaraq çox böyük şücaət, qəhrəmanlıq göstərirlər”.

 

Çimnaz Telmanqızı