“Rusiya ilə sonsuzadək müharibə apara bilmərik”-Pavel

Tarix: 18:19 09.07.2025
Rusiya ilə sonsuz müharibə aparmaq mümkün deyil. Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukrayna konfliktinin başa çatmasından sonra Avropa və Rusiya arasında əməkdaşlıq əlaqələri bərpa olunmalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Elmir Səftərov bildirir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibə və bu il Donald Trampın ikinci dəfə prezident səlahiyyətlərinin icrasına başlaması Avropanın təhlükəsizliyindəki boşluqları üzə çıxarmaqla yanaşı, ABŞ-nin transatlantik alyansındakı tərəfdaşları arasında fikir ayrıqlıqlarını artırıb:
“Bütün bu dəyişikliklər isə dünyada ənənəvi kollektiv təhlükəsizlik nizamının dağılmasına və yeni düzənin qurulmasına zəmin hazırlayır. Rusiyanın Avropa İttifaqının təsisatlarına daxil olması və Qərbi ilə inteqrasiya yoluna qayıtması isə Ukrayna müharibəsi ilə mümkünsüz vəziyyətə gəlsə də, Rusiya və Qərbin yaxınlaşması perspektivləri yaxın gələcək üçün çox fərqli rasional strategiyalar baxımından sülhdən sonra aktullığını geri qaytara bilər. Bugünkü reallıqlar dünyada yeni düzən qurulduqdan sonra Avropa və Rusiyanın əmkdaşlığını bərpa etməsini istisna etmir. Lakin buna əngəl olan amillər də var-tarixdən gələn Rusiyanın imperialist irsi, bəzi ölkələri özünün bir hissəsi görməsi, ən əsası isə Qərbin səmimiyyətinə güvənməməsi fonunda əhatəsində transatlantik blokuna daxil ölkələrin ona təhdid yaratması düşüncəsidir ki, Ukrayna ilə müharibə üçün səbəblərdən biridir”.
Həmçinin şərhçi qeyd edir ki, Kremlin milli strategiyasının mövcud reallıqlara uyğunlaşdırılması variantı "yanlış" dövlət institutlarının ideologiyasının köklü şəkildə dəyişdirilməsi ilə mükün ola bilər:
“Bunun üçün isə dövlətlərə bərabərhüquqlu yanaşma kimi prinsipial və mühüm vəzifələr həll edilməlidir. Təbii ki, Qərbin də üzərinə düşən vacib öhdəliklər var ki, dövlətlərarası səmimi münasibətləri özündə ehtiva edir. Həmçinin Qərb Rusiyaya qarşı təhdidləri, təzyiqləri və sanksiyaları aradan qaldırmadan Ruisya-Avropa yaxınlaşması haqqında danışmaq mənasızdır. Bunun üçün isə konstruktiv müzakirələr aparlmalı və anlaşılmazlılar addım-addım həll edilməlidir. Avropanın enerji təhlükəsizliyi və digər məsələlərdə Rusiyaya ehtiyacı olsa da, Vladimir Putin Kremldə olduğu müddətdə Qərbdə Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradacağı də düşünülür. Oxşar düşüncə Rusiyada da mövcuddur ki, kollektiv qərb ona xoşniyyətli yanaşmır və fürsət düşükcə Moskvanı iqtisadi cəhətdən zəiflədib, öz maraqlarını yerinə yetirməyə çalışır”.
Aysel Mirzəyeva