Ağdam-Füzuli yolunda baş verən qəzada mikroavtobus qanunsuz sərnişin daşıyıb-AYNA

Bölmə: Sosial › ,
Tarix: 15:31 09.07.2025

Bugün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və bir neçə sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qəza törədən nəqliyyat vasitəsi müntəzəm sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan buraxılış kartı olmadan və qanunsuz şəkildə fəaliyyət göstərib.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumata verilib.

 

Xatırladaq ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir.


Qaydalara əsasən, sifarişli və qeyri-müntəzəm sərnişin daşımaları zamanı sürücüdə daşımaya dair formulyar olmalıdır. Bu sənəd “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi vasitəsilə elektron şəkildə tərtib edilməlidir. Hər hansı icazə sənədi və ya formulyar olmadan həyata keçirilən daşımalar qanun pozuntusu sayılır və daşıyıcını hüquqi məsuliyyətə cəlb edə bilər.