Rusiya MiQ-ləri havalanıb

Tarix: 22:39 09.07.2025
Ötən gün axşam saatlarında Ukraynada hava hücumu xəbərdarlığı edilib.Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Rusiya MiQ-31K hərbi təyyarələrini havalandırdıqdan sonra Ukraynada hava hücumu xəbərdarlığı edilib. Bundan əlavə, Ukrayna səmasında çox sayda PUA qeydə alınıb.
Mövzu ilə bağlı hərbi ekspert Anar Şuşalı “İnformator.az”a açıqlamasında bildirib ki, MiQ-31K-ların havaya qalxması artıq özü-özlüyündə təzyiq vasitəsidir:
“MiQ-31K təyyarələri Rusiyanın strateji aviasiya sistemlərinin mühüm tərkib hissəsidir və "Kinjal" hipersəs raketləri (Kh-47M2) ilə təchiz oluna bilir. Bu raketlər əsasən by xüsusiyyətlərlə seçilir:Hipersəs sürəti, yüksək manevretmə qabiliyyəti – bu da onu hava hücumundan müdafiə sistemləri üçün son dərəcə çətin hədəfə çevirir, 500–2000 km məsafədə hədəfi dəqiqliklə vurmaq imkanı, təkcə hərbi deyil, həm də kritik infrastruktur obyektlərinə qarşı istifadə potensialı.
Mövzu ilə bağlı ekspert bildirir ki, bu tip silahların istifadəsi təhlükəsizlik balansına ciddi təsir göstərir:
“Strategiya baxımından bu balansı pozur. Ukraynanın hava hücumundan müdafiə sistemləri – o cümlədən Patriot və NASAMS kimi qabaqcıl texnologiyalar – Kinjal tipli raketlərin qarşısını tam şəkildə almaqda çətinlik çəkir. Bu isə o deməkdir ki, Ukraynanın ərazi dərinliyində yerləşən strateji obyektləri – komanda mərkəzləri, silah anbarları, enerji infrastrukturu – belə ciddi risk altına düşür.
Bu raketlərin sürəti və manevretmə qabiliyyəti səbəbindən əvvəlcədən xəbərdarlıq və reaksiya vaxtı da minimuma enir. Bu tip raketlər hədəfə çox qısa müddətdə çatır. Ona görə də hava hücumu barədə əvvəlcədən xəbərdarlıq və reaksiya müddəti olduqca məhduddur. Bununla yanaşı, MiQ-31K-ların havaya qalxması artıq psixoloji bir təzyiq elementi kimi də çıxış edir. Hər dəfə bu təyyarələr havaya qalxanda Ukrayna ictimaiyyəti və hərbi rəhbərliyi real hücum təhlükəsi ilə üz-üzə qalır. Onlar hər an hücum ola biləcəyini düşünərək daimi gərginlik içində yaşamaq məcburiyyətindədirlər”.
Anar Şuşalı qeyd edib ki, PUA-ların çoxsaylı fəaliyyəti bir neçə hərbi məqsədə xidmət edə bilər:
“Bunlar kəşfiyyat və koordinasiya daxildir. Rusiya tez-tez kamikadze dronlardan əvvəl kəşfiyyat dronları göndərir. Bu dronlar hava hücumundan müdafiə sistemlərinin yerlərini, radar siqnallarını, hərbi texnikanın dislokasiyasını müəyyən etmək üçün istifadə olunur.Bəzi kamikadze PUA-lar (məsələn, Shahed-136 tipli) hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur edir ki, sonrakı mərhələdə əsas raket hücumları daha effektiv olsun.Yəni əvvəlcə dronlar, sonra raketlər bu, kombinə edilmiş zərbə taktikasıdır”.
Anar Şuşalı son olaraq əlavə edib ki, gecə saatlarında səma boyunca davam edən dron səsləri və partlayışlar əhalidə daimi qorxu və gərginlik hissi yaradır:
“Dronlar bəzən enerji obyektləri, su anbarları, körpülər kimi kritik infrastruktura qarşı yönəldilir. Tez-tez verilən hava hücumu siqnalları əhali arasında yorğunluq və laqeydlik yarada bilər. Bu isə risklidir, insanlar bəzən təhlükəni real hesab etməyib sığınacaqlara getmirlər. Uzunmüddətli siqnallar isə mental sağlamlığa və gündəlik həyat ritminə ciddi təsir edir. Hava hücumu xəbərdarlıqları ilə birlikdə hava hücumundan müdafiə sistemləri aktiv rejimə keçir, radarlar və ekipajlar tam hazır vəziyyətə gətirilir. Lakin bu da resursların sürətli tükənməsinə, personalda yorğunluğa, silah sistemlərinin aşınmasına səbəb ola bilər xüsusilə mütəmadi xəbərdarlıqlar fonunda. Əgər çoxlu sayda xəbərdarlıq verilir və hər dəfə hücum olmursa, həm əhali, həm də bəzi hərbi bölmələr zamanla reaksiya sürətini itirə bilər. Bu, real hücum zamanı ağır nəticələrə səbəb ola bilər.
Nəticə olaraq Rusiya tərəfindən MiQ-31K-ların havalanması və PUA aktivliyi Ukraynada həm hərbi, həm də psixoloji cəbhədə basqını artırmaq məqsədi daşıyır. Hava hücumu xəbərdarlıqları isə Ukraynanın operativ müdafiə sistemlərinin həddən artıq yüklənməsi və əhalinin təhlükəsizlik rejiminə olan inamının tükənməsi riski ilə müşayiət olunur. Bu da müharibədə informasiya, texnologiya və psixoloji mübarizənin bir hissəsidir”.
Ləman Mahmudlu