Azərbaycanda ən çox boşanma halları statistikası

Bölmə: Sosial › ,
Tarix: 22:49 09.07.2025

Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb. 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb. Onlardan 6673-ü Bakıda, 969-u Naxçıvan Muxtar Respublikasında, 1945-i Abşeron-Xızı iqtisadi rayonunda, 549-u isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayına görə Bakının rayonları arasında ən çox boşanma Yasamalda (4), ən az isə Pirallahıda (1,8) qeydə alınıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, boşanmalar bu gün dünyada olduğu kimi, Azərbaycanda da artma dinamikası ilə müşahidə olunub:

 

"Azərbaycanda boşanmalar heç vaxt bu qədər artmayıb. Ənənəvi cəmiyyət olduğu üçün boşanma hallarına keçmişdə pis baxılıb və ictimai qınaq olub. Bu kimi səbəblərə görə heç kim boşanmaya maraqlı və meyilli deyildi. Azərbaycan müstəqillik əldə etdikdən, dünyaya açıldıqdan sonra, əfsuslar olsun ki, azərbaycanlılar da boşanma hallarına tolerant yanaşmağa başlayıblar.Boşanma üçün səbəblər də çoxdur. Bu səbəblərə liberal düşüncələrin formalaşması, eqoizm, bənzərlik və s. aiddir. Qadınlar köhnə düşüncəli kişiləri qəbul etmək istəməyiblər. Kişilər isə bunun əksi olaraq, köhnə idarəetmə ilə ailə idarə etmək istəyiblər. Əvvəllər uşaqlı ailələrdə boşanmalar daha az olub. 50 yaşdan yuxarı insanların boşanma halları da artmaqdadır. Mətbuatda, sosial şəbəkələrdə boşanmalar təbliğ olunub. Ailə dəyərlərinin zədələnməsinə bu kimi hallar da kömək edib.Türkiyə və Avropa ölkələrinin çoxunda boşanmaya meyillilik yaratmaq üçün tədbirlər həyata keçirilib. Münaqişəli ailələrlə sosial-psixoloji işlər aparılmalıdır. Sosial agentliklər vasitəsilə bu ailələr qeydə alınmalıdır. Əvvəllər ailəli şəxslərə iş həyatında önəm verilirdi, bu indi də belə olmalıdır. Rayonlardakı ənənəvi dəyərlər güclü olduğuna görə boşanma halları daha az olub".

 

Aygün Babayeva