Ukraynaya silah tədarükü bərpa edilib-Tramp təsdiqləyib
.jpg)
Tarix: 18:42 09.07.2025
ABŞ fasilədən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə deyib.
"Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən bunu təsdiqləmişəm", - o bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, ABŞ-nin Ukrayna siyasətində heç bir dəyişiklik yoxdur:
"ABŞ Ukraynaya silah tədarükünü əvvəlki səviyyədə davam etdirir. Ötən gün Donald Tramp bəyan edib ki, Rusiya daha genişmiqyaslı hücuma keçib və nəticədə çox sayda insan həlak olub. Onun sözlərinə görə, Ukraynaya daha çox silah verilməlidir. Bu arada bəzi yayılan xəbərlərdə bildirilir ki, Ukraynaya silah tədarükü bir müddət ABŞ-nin müdafiə naziri Pit Heqsetin əmri ilə dayandırılıb və bu qərar barədə Ağ Evə məlumat verilməyib. Buna görə də ABŞ-nin Ukrayna siyasətində dəyişiklik olduğunu düşünənlər yanılırlar. Donald Trampın son açıqlamalarına əsasən, ABŞ silah tədarükünü davam etdirəcək. Bununla yanaşı, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və ABŞ-nin silah dəstəyini gücləndirməsi, Ukrayna-Rusiya cəbhəsində müəyyən dəyişikliklərə yol aça bilər. Müharibənin gedişində taktiki dəyişikliklər mümkündür, lakin ABŞ-nin strateji xətti hələ ki, sabit qalır".
Qəmər Kazımzadə