Putin özünü ifşa edib: Tramp siyasətini dəyişdirir

Bölmə: Siyasət › ,
Tarix: 18:50 09.07.2025

 


ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı narazılığını bildirdiyi son bəyanatları Ukraynanın ABŞ liderinə sülh razılaşmasının olmamasında kimin günahkar olduğunu izah etmək cəhdlərinin uğurlu olduğunu göstərir.
Rusiyanın Ukraynanın arxa cəbhə şəhərlərinə hücumlarının güclənməsi Trampı Ukraynaya dəstəyi davam etdirməkdən başqa seçim qoymayıb.

“Biz Ukraynaya daha çox silah göndərəcəyik. Biz məcburuq. Onların özlərini müdafiə etmək imkanı olmalıdır”, – Tramp son bəyanatlarından birində deyib.


Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında müharibə uzanacaq. Artıq bu müharibə başqa dövlətlərin də maraq dairəsindədir:


“Artıq Ukrayna Danimarka ilə də müştərək silah istehsalına imza atıb. Eyni zamanda Çin Rusiyaya dəstəyi artırmaq qərarına gəlib. Çünki Çinə də ABŞ-nin təzyiqləri artır. Dünya müharibəsinin qoxusu duyulmaqdadır. Təbii ki, hakimiyyətə gəlməmiş ABŞ prezidenti Donald Tramp müharibəni qısa müddətdə yekunlaşdıracağını bəyan edirdi və əsasən bunun həllini tapmamasında prezident Baydeni günahlandırıb. Lakin hakimiyyəti əldə etdikdən sonra bir neçə jestlər edib, lakin Rusiya ilə danışıqlar uğursuz olub. Eyni zamanda Ukrayna prezidenti Zelenskiyə qarşı sərt və soyuq davranaraq dəstəyini əsirgəyib. Bu da işin ziyanına olub. Hazırda isə düşünülən addımlar atmağa məcburdur. Çünki Rusiya demək olar ki, ABŞ-nin bəyanatlarını, sanksiya hədlərini diqqətə almır və irəliləməkdə davam edir. ABŞ-nin məqsədi Ukraynaya hazırda ciddi dəstək vermək, əsasən hərbi sahədə təchizatı artırmaq və əsasən də ciddi, təsirli sanksiyalar tətbiq etməkdir. Əslində ABŞ-nin və Avropanın da marağı Rusiyanı üzücü və yorucu, uzun savaşla tükətməkdir. Ona görə də sülhə, atəşkəsə yox, silahlanmaya meylli davranır. Əslində ABŞ və Avropanın Çin və Rusiya ilə elan olunmayan müharibəsidir.
Təbii ki, Trampın Zelenskiyə sülhə getməməyi irad tutmasının əsassız olması hazırda Rusiyanın onun özünə bundan imtina etməsi ilə sübut olunub. Bu yanlış tutumunun kampaniyası olaraq hazırda Ukraynaya daha ciddi dəstək verəcək. Öldürücü və daha ağır silahlar verəcəklər və Rusiyanın üstünlüyünü qırmaq üçün ciddi addımlar atılacaq. Əslində İsrail və İran müharibəsinin uzanmasında ABŞ buna görə maraqsız oldu ki, əsas diqqəti və hədəfi Rusiyaya qarşı yönəltsin".

 

Asiman Vəliyeva