ABŞ iqtisadiyyatı güclənirmi?-İdxal rüsumları artırılır

Tarix: 18:51 09.07.2025
ABŞ tariflərdən 300 milyard dollar gəlir əldə edəcək. Birləşmiş Ştatlar ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir. Bu məlumatı ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.
"Beləliklə, ilin sonuna qədər bunun 300 milyard dolları əhəmiyyətli dərəcədə keçəcəyini gözləyirik", - deyə Bessent gömrük rüsumlarından daxilolmaların səviyyəsini şərh edərkən bildirib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan etdi.
Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın hakimiyyəti zamanı tətbiq edilən gömrük tarifləri 180-dən çox ölkəni əhatə edir:
"Bu tariflərin əsas məqsədi ABŞ-nin beynəlxalq ticarətdəki kəsirini azaltmaqdır, çünki ABŞ-də idxalat, ixracatı ciddi şəkildə üstələyir. Tarif siyasəti həm əlavə gəlir (təxminən 300 milyard dollar) əldə etməyə, həm də idxalatı məhdudlaşdırmağa hesablanır. Toplanmış vəsait müxtəlif dövlət proqramlarının maliyyələşdirilməsinə yönələ bilər.
Eyni zamanda, idxalın çətinləşməsi yerli istehsalın stimullaşdırılması üçün imkan yaradır. Tariflər idxal mallarını bahalaşdıraraq, daxili bazarda yerli məhsulların payını artırmağa xidmət edir.
Lakin bu siyasətin əsas mənfi təsiri inflyasiyanın yüksəlməsidir. Gömrük tarifləri məhsulların maya dəyərini artırdığından, qiymətlərin ümumi artmasına səbəb olur. Bu isə Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini artırmağa sövq edə bilər ki, bu da dünya ticarətinə mənfi təsir göstərə bilər.
Qlobal səviyyədə isə ABŞ-nin sərt tariflərinə qarşı digər ölkələr də öz tariflərini artıraraq, ticarət müharibələrinin dərinləşməsinə səbəb olacaqlar. Bu vəziyyət valyuta məzənnələrinin dəyişməsi və əlavə gömrük əngəllərinin yaranması ilə müşayiət oluna bilər.
Trampın bu siyasəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ticarətdə liberallaşma prinsiplərini kökündən zədələyir. ÜTT-nin məqsədi ticarət əngəllərini azaltmaq və dünya ticarətini asanlaşdırmaqdır. Lakin ABŞ-nin tətbiq etdiyi sərt tariflər bu prinsiplərin effektivliyini azaldır.
Nəticədə, bu siyasət qlobal təchizat zəncirlərində pozuntulara, beynəlxalq investisiyaların azalmasına və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi çətinliklərə səbəb olur".
Aytən Ağazadə