“Uşağın ailədə hansı sırada doğulması onun şəxsiyyətinə təsir edə bilər”

Bölmə: Sosial › ,
Tarix: 13:06 11.07.2025

Uşağın ailədə birinci, ortanca, sonuncu və ya tək uşaq kimi doğulması onun şəxsiyyət xüsusiyyətlərinə müəyyən qədər təsir göstərə bilər.

 

Bu barədə klinik psixoloq Xədicə Cəbrayılova “İnformator.az” saytına açıqlamasında bildirib ki, bu fikir psixoloq Alfred Adlerin doğulma sırası nəzəriyyəsinə əsaslanır və uşağın ailə daxilində tutduğu mövqe onun davranış və xarakterinə sirayət edə bilər:

 

“Birinci uşaqlar adətən valideynlərin bütün diqqətini təkcə öz üzərlərində cəmlədikləri üçün daha məsuliyyətli, lider ruhlu və nailiyyətə yönəlik ola bilirlər. Valideynlər ilk övladla bağlı daha ciddi və yüksək gözləntilərə sahib olduqlarından bu uşaqlar tez yetkinləşir və ailə genişləndikcə bacı-qardaşlara qarşı nümunə, bəzən isə yardımçı rolunu öz üzərlərinə götürürlər. Ortancıl uşaqlar isə nə ailənin ilk təcrübəsi, nə də ən kiçik və sevimli övladı olduqlarından bəzən özlərini arxa planda, gözardı edilmiş hiss edə bilirlər. Bu səbəbdən onlar sosial münasibətlərdə ya daha ünsiyyətcil, barışdırıcı və kompromisə açıq olur, ya da əksinə, cəmiyyətə qarşı çəkilmiş və ya üsyankar davranışlar göstərə bilirlər. Sonuncu uşaqlar isə adətən valideynlərin daha rahat və təcrübəli dövründə dünyaya gəldikləri üçün onlara qarşı qaydalar daha yumşaq olur. Bu uşaqlar ailə daxilində “əyləncəli”, “şıltaq” və ya “yaradıcı” rollarda qalaraq sərbəst, bəzən isə çərçivələrə qarşı çıxan şəxsiyyətə sahib ola bilirlər. Tək uşaqlar isə bütün diqqətin mərkəzində böyüdükləri üçün adətən yetkin, intellektual və müstəqil olurlar. Lakin daim böyüklərlə ünsiyyətdə olduqlarına görə yaşıdları ilə münasibət qurmaqda çətinlik çəkə və tənhalığa meylli ola bilərlər. Onlarda perfeksionistlik, idarəedicilik və tənqidə qarşı həssaslıq kimi xüsusiyyətlər də müşahidə oluna bilər. Bu yanaşmalar hər nə qədər ümumi meylləri ifadə etsə də, dəyişməz deyil. Uşağın şəxsiyyəti yalnız doğulma sırasına görə deyil, həm də genetik faktorlar, ailədaxili münasibətlər, emosional mühit və tərbiyə üslubu ilə birgə formalaşır".

 

Ayan Əsgərova