S-400 məsələsi həll olunsa, Türkiyəyə F-35 tədarükü... -Barak

Bölmə: Dünya › ,
Tarix: 16:08 12.07.2025

Türkiyəyə F-35 qırıcılarının tədarükü Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə görə hələ də açıq qalıb.

 

"İnformator.az"  xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak deyib.

 

Diplomatın sözlərinə görə, əgər Ankara ilə Vaşinqton arasında bu məsələ həll edilərsə, F-35 layihəsi yenidən müzakirə mövzusu ola bilər: “Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir və müdafiə sənayesində böyük irəliləyiş göstərib. Əgər S-400 problemi yoluna qoyularsa, F-35 tədarükü məsələsi geri dönə bilər. Prezident Tramp bu məsələdə rasional yanaşma nümayiş etdirib”, - deyə Barak bildirib. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün F-35 proqramına qayıdışla bağlı danışıqların davam etdiyini və konkret tarixlərin hələ müəyyənləşmədiyini açıqlayıb. O, həmçinin S-400-lərlə bağlı məsələnin artıq bağlandığını və ABŞ Prezidenti Donald Trampın F-35-lərlə bağlı razılaşmaya sadiq qalacağına ümid etdiyini vurğulayıb. Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiya ilə S-400 sistemi üzrə müqavilə imzalamış və 2019-cu ildə kompleksləri əldə etmişdi. ABŞ isə buna cavab olaraq Türkiyəni F-35 proqramından çıxarmış, CAATSA qanunu çərçivəsində Türkiyə müdafiə sənayesi rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmiş və birgə memorandumu ləğv edərək onu qalan 7 tərəfdaş ölkə ilə yenidən imzalamışdı.