İsrail ordusunun səhər hücumlarında 28 fələstinli həlak olub

Bölmə: Dünya › ,
Tarix: 13:09 14.07.2025

Bu gün səhər saatlarında İsrail ordusunun mühasirədə olan Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 28 fələstinli, o cümlədən qadınlar və uşaqlar həyatını itirib.

 

“Anadolu” agentliyinin səhiyyə qurumları və hadisə şahidlərindən əldə etdiyi məlumata görə, İsrail qırıcıları Qəzzanın şimal, cənub və mərkəzi bölgələrindəki yaşayış məntəqələrini hədəfə alıb.

 

Qəzzanın mərkəzində yerləşən Nusayrat qaçqın düşərgəsinin yaxınlığındakı Es-Sevarixe bölgəsində bir yaşayış binası bombalanıb. Hadisə nəticəsində azı 9 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

 

Nusayrat düşərgəsində yerləşən su təchizatı nöqtəsi də hücuma məruz qalıb. Burada 8 nəfər, o cümlədən 6 uşaq həyatını itirib, 16 nəfər isə yaralanıb.

 

Qəzza şəhərinin şimal hissəsində yerləşən bir yaşayış evi hava zərbəsi nəticəsində dağılıb. Hadisədə 6 nəfər ölüb, yaralananlar da var. Eyni zamanda, şəhərin Es-Sabra bölgəsində baş verən hücumda 2 nəfər həyatını itirib.

 

Cənubdakı Xan Yunus şəhərində – köçkün fələstinlilərin yerləşdiyi çadır düşərgəsinə endirilən hava zərbəsi nəticəsində azı 3 nəfər ölüb.

 

Rəsmi Fələstin xəbər agentliyi WAFA isə bildirib ki, İsrail ordusu Qəzza şəhərinin Tuffah bölgəsində bir neçə binanı partladıb.

 

Anadolu Agency

Ayan Əsgərova