Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azalıb

Tarix: 16:28 14.07.2025
“Mərmər İnşaat” ASC 2024-cü ili 10,254 milyon manat xalis mənfəətlə başa vurub.
"İnformator.az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 24,6 % azdır.
Ötən il “Mərmər İnşaat”ın əsas əməliyyat (satış) gəlirləri 75,59 milyon manat (11,1 % az), satışının maya dəyəri 58,738 milyon manat (4,8 % az), digər gəlirləri 56 min manat (əvvəlki il olmayıb), inzibati-ümumi xərcləri 4,803 milyon manat (20,4 % az), sair əməliyyat xərcləri 59 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən zərəri 82 min manat (44,6 % az), maliyyə gəlirləri 854 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 2,564 milyon manat (24,6 % az) təşkil edib. Bu il yanvarın 1-nə “Mərmər İnşaat”ın akitvləri 63,388 milyon manat olub ki, bu da illik müqayisədə 20,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 15,4 % artaraq 44,254 milyon manata, balans kapitalı 35,2 % artaraq 19,134 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 6,7 % artaraq 1,6 milyon manata çatıb. Xatırladaq ki, “Mərmər İnşaat” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Azər Bayramovdur.