Ölən və yaralananlar var

Tarix: 13:04 17.07.2025
İsrail, Suriyanın paytaxtı Dəməşqə hava hücumları təşkil edib. Prezident Sarayı və Baş Qərargahın hədəf alındığı hücumlarda 6 nəfər həlak olub, 28 nəfər yaralanıb. İsrailin müdafiə naziri Yisrael Kats, Suriya ordusunun ölkənin cənub-qərbində yerləşən Süveyda bölgəsindən tamamilə çəkilməyəcəyi təqdirdə, daha güclü hücumlar həyata keçirəcəkləri ilə hədələyib.
İsrailin müdafiə naziri Yisrael Kats “X” hesabında paylaşdığı açıqlamada, Suriyaya qarşı hücumların daha da şiddətlənəcəyini bildirib. Kats, Şam hakimiyyətini, Suriya ordusunun cənub-qərbdə yerləşən Süveyda bölgəsindən tamamilə çəkilməyəcəyi təqdirdə daha sərt hücumlarla hədələyib.
İsraildə yaşayan druzilərə səslənən Kats, “Suriyadakı qardaşlarınızı qorumaq üçün İsrail ordusuna güvənə bilərsiniz”, – deyərək İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə “druziləri qorumaq” vədlərini yerinə yetirəcəklərini iddia edib.
Suriyanın Süveyda vilayətində 13 iyul tarixində bədəvi ərəb tayfaları ilə druz silahlı qrupları arasında qarşılıqlı adam qaçırma hadisələri fonunda qarşıdurmalar başlayıb. Şam hakimiyyəti, qarşıdurmaların qarşısını almaq məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinə tabe təhlükəsizlik qüvvələrini bölgəyə göndərib. 15 iyul səhəri Süveydaya daxil olan təhlükəsizlik qüvvələri ilə yerli qruplar arasında da şiddətli toqquşmalar baş verib. Müdafiə naziri Murhaf Əbu Kasra Süveydada atəşkəs elan etmiş, lakin qeyri-qanuni qruplar tərəfindən istənilən hücum və ya atəş açılması halında cavab veriləcəyini qeyd edib.
Druzilərin ruhani liderlərindən Hikmət əl-Hicri əvvəlcə hökumət qüvvələrinin şəhərə girişinə razılıq vermiş, lakin bir neçə saat sonra bu mövqeyindən geri çəkilərək süveydalıları hökumət qüvvələrinə qarşı durmağa çağırıb.
İsrail isə “druziləri qorumaq” bəhanəsi ilə dünəndən bəri Suriyanın Süveyda ətrafında hava hücumları həyata keçirib.
Haberler.com
Aygün Babayeva