Almaniya “Patriot” sistemlərini Ukraynaya verməkdə tərəddüd edir

Bölmə: Siyasət › ,
Tarix: 21:22 17.07.2025

Almaniya Müdafiə Nazirliyi “Patriot” sistemlərinin Ukraynaya tədarükü ilə bağlı prosesin hələ davam etdiyini və konkret razılaşma şərtlərinin təsdiqlənmədiyini açıqlayıb. Nazirlik nümayəndəsi bildirib ki, bu sistemlər “sadəcə şkafdan çıxarılıb veriləcək” qədər asan məsələ deyil.

 

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli "İnformator.az"a açıqlamasında bildirib ki, təəssüflər olsun ki, bununla neçə dəfədir ki, Qərb Ukraynaya yardımları ləngidir:

 

"6 aydan artıq ABŞ Bayden hakimiyyəti dövründə maddi yardımı ləngidib. Ardınca Tramp hakimiyyətə gələrək, Ukraynanın sərvətlərini ABŞ-yə verilməsi ilə bağlı müqavilə imzalanmasından sonra bu məsələyə baxılacağını dedi. İndi də müəyyən müzakirələr davam edir. Tramp Rusiya ilə sülh çağırışları edir və yaxud da müharibəni daha ciddi davam etdiriləcəyini bildirir. Üç ildən artıqdır ki, müharibə gedir və bu üç ildən artıq bir dövrdə Almaniya bilmirdi ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var? Zamanında ukraynalı mütəxəssisləri bir neçə aya hazırlamaq olardı. Ukraynada "Patriot" sistemləri yerləşdiriləcəyi ərazini müəyyənləşdirə bilərdilər. Bu müddət ərzində xeyli işlər görülməli idi. Təəssüflər olsun ki, silahlar gecikdirilərək verilir. Bu da Ukraynaya baha başa gəlir. Maddi yardımın da əsas hissəsi silahlara verilir. Düzdür, Qərbin dəstəyi olmasaydı, Ukrayna indiyə qədər ayaqda ola bilməzdi. Amma zamanında yetərli dəstəklər verilsəydi, daha böyük işlər görmək olardı. Hətta müharibənin taleyini həll etmək olardı. Görünən odur ki, Qərb Ukrayna–Rusiya müharibəsinin bitməsini istəmir. Rusiyanın Ukrayna üzərində işğalının hələ uzun müddət qalmasını, həmin prosesin öz nəzarətində aparılmasını, bununla Rusiyanın zəifləməsini və Qərbdən asılı bir dövlətə çevrilməsini istəyir".

 

Billurə Quliyeva