Tekstil sahəsində Vyetnamla əməkdaşlıq müzakirə olunur

Tarix: 21:28 17.07.2025
Hanoyda keçirilən Azərbaycan–Vyetnam Biznes Forumunda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, Azərbaycan Vyetnamla tekstil də daxil olmaqla müxtəlif sahələrdə birgə müəssisələr yaratmağa maraqlıdır. Artıq bu istiqamətdə şirkətlər arasında virtual görüşlər keçirilib və kommersiya əməkdaşlığı üçün ilk addımlar atılıb.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, düşünürəm ki, AZPROMO daha çox bu cür tədbir, konfrans və s. belə istiqamətli bir təşkilatdır:
"Yəni, Azərbaycanda gördükləri real işlər azdır. Azərbaycanda hazırda onların görməli olduğu iş - qeyri-neft sektorunun inkişafı (xüsusən ixracatın inkişafı) faktiki olaraq, ortadadır. Biz AZPROMO yaranandan bəri bu sahə bizdə qonşu ölkələrdən ilbəil geri qalır. Burada adam başına düşən ixracın həcmi də, məhsuldarlıq da aşağı düşür.
Təbii ki, xüsusilə tekstil sahəsində Azərbaycan qonşu ölkələrlə əməkdaşlıq etməlidir. Vyetnam ölkəmizdən kifayət qədər uzaqdadır. Ora xammalın hər hansı bir formada daşınması və ya gətirilməsi bizim üçün çətindir, yəni bu maraqsızdır. Amma əvəzində Azərbaycan bu sahədə yaxın ölkələrlə daha əlaqə yarada bilər. Məsələn, Türkiyədə tekstil sahəsi kifayət qədər inkişaf edib. Azərbaycan ora həm xammal bazarı olaraq inteqrasiya edə bilər, həm də orada hazır məhsulların hazırlanmasının texnologiyalarını Azərbaycana daşıya bilər. Beləliklə, Azərbaycan öz mövqeyindən istifadə edib digər ölkələrə də xammal sata bilər. Bizdə hazırda pambıq mahlıc şəklində ən primitiv formada satılır və əlavə dəyər yaratmır. Hesab edirəm ki, kəndə təsərrüffatına zərər vurmaqdan əlavə, ölkədə ümumi iqtisadi məhsuldarlığı da çox aşağı salan bir sahədir. Əsas səbəb də dəyər zəncirinə inteqrasiya olunmamasıdır. Dəyər zənciri üzrə aşağı sahələr inkişaf etməyib, o cümlədən parça hazırlanması və tekstil sənayesi, pambıqdan hazırlana biləcək bəzi məmuatlar da yoxdur. Vyetnam məsələsini də bu baxımdan AZPROMO-nun növbəti qeyri-ciddi aventurası hesab edirəm və bu nəticə əsaslı deyil. Təbii ki, təyin olunan məmurlar daha çox iqtisadi maraqlardan yox, təşkilati maraqlardan çıxış edərək fəaliyyət göstərirlər. Əksər hallarda da öz büdcələrini mənasız yerə şişirtməklə, əslində iqtisadiyyata dolayı yolla zərər vurmuş olurlar".
Billurə Quliyeva