Pakistan rəsmisi: "Azərbaycanın Ali Audit Orqanı nümunəyə çevrilib"

Tarix: 16:48 17.07.2025
Azərbaycanın Ali Audit Qurumunun sürətlə inkişaf etməsi onu digər ölkələr üçün bir nümunəyə çevirib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Pakistanın Ali Audit Qurumunun rəhbəri Muhammed Ajmal Gondal bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər digər ölkələr üçün nümunə rolunu oynayır. “Pakistan və Birləşmiş Ərəb Əmirliklərinin Ali Audit Qurumlarının Beynəlxalq Ali Audit Qurumları Təşkilatının (INTOSAI) İdarə Heyətinə seçilməsi çox xoş, sevindirici hadisədir. Bu, regionun beynəlxalq aləmdə fikirlərini təmsil etməsi baxımından çox önəmlidir”, – deyə o qeyd edib. Azərbaycan-Pakistan əlaqələrinə toxunan qurum rəhbəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz bir çox peşəkar işlər görürük. Qarşılıqlı qiymətləndirmə və təhlillər aparmışıq. Azərbaycanın Hesablama Palatasının sədri Pakistana səfər edib və biz əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışıq. Bu sənəd çərçivəsində təlimlərin təşkil edilməsi, birgə auditlərin aparılması və qarşılıqlı öyrənmə fəaliyyətləri nəzərdə tutulur. Bu əməkdaşlıq çox ümidvericidir”.