Aİ-nin 2 trilyon avroluq büdcəsi üzərində siyasi mübarizə başlayıb

Bölmə: Dünya › ,
Tarix: 20:19 18.07.2025

Avropa İttifaqının növbəti büdcəsi üzrə siyasi müzakirələr rəsmi olaraq Brüsseldə start götürüb. Ursula fon der Leyenin təklif etdiyi 2 trilyon avroluq büdcə planı Aİ-yə üzv 27 dövlətin yekdil razılığını tələb edir. Lakin üzv ölkələrin Avropa məsələləri üzrə nazirlərinin görüşündə sənəd kəskin tənqid olunub, xüsusilə onun həcmi narazılığa səbəb olub.

 

Aİ Şurasına sədrlik edən Danimarka naziri Mari Bjerre bildirib ki, “heç bir ölkə bu gün təqdim olunan büdcəni qəbul etməyə hazır deyil” və büdcə ilə bağlı uzun və çətin danışıqların gözlənildiyini",- deyib.

 

Şimal ölkələri – Avstriya, Finlandiya, İsveç və Niderland kimi fiskal cəhətdən qənaətcil dövlətlər ilə borclu cənub ölkələri – Fransa və İspaniya arasında illərdir davam edən gərginlik yenidən gündəmə gəlib.

 

Finlandiya və İsveç, həmçinin Almaniya büdcənin həddindən artıq böyük olduğunu və yeni vergilərə, ortaq borclanmalara qarşı olduqlarını bildiriblər. Avstriyanın naziri Claudia Plakolm isə bu təklifi "çox uzaq və qəbuledilməz" adlandırıb.

 

Digər tərəfdən, Polşa və Fransa büdcə planını iddialı və gələcək üçün vacib sayaraq yeni resursların vacibliyini vurğulayıblar. İspaniya isə büdcənin böhrana cavab üçün yetərli olmadığını bildirib.

 

Fon der Leyen planında Aİ-yə aid yeni vergi mənbələri təklif edib – elektronik tullantılar, tütün məhsulları və illik dövriyyəsi 100 milyon avronu aşan şirkətlər üçün vergi. Bu resursların hər il 58 milyard avro gəlir gətirəcəyi gözlənilir və pandemiya dövrü borcları ödəməyə imkan yaradacağı bildirilir.

 

Ancaq bir çox ölkə Avropa Komissiyasının müstəqil gəlir toplama səlahiyyətini artırmasına qarşı çıxır.

 

Avropa Komissiyasının Büdcə üzrə komissarı Piotr Serafin deyib: “Yeni prioritetləri maliyyələşdirmək üçün yeganə yol – iddialı və geniş birgə resurs paketidir".

 

Danışıqlar hələ ilkin mərhələdədir və 2025-ci ilin sonuna qədər əsas prinsipləri əhatə edən “danışıqlar qutusu”nun hazırlanması planlaşdırılır.

 

Euronews 

Billurə Quliyeva