Rusiya-Yaponiya münasibətlərində yeni gərginlik

Tarix: 22:10 18.07.2025
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın ABŞ-ləbirlikdə “Resolute Force Pacific” adlı hərbi təlimlərdə iştirakı ilə bağlı Moskvadakı Yaponiya səfirliyinə kəskin etiraz edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az" a açıqlamasında bildirib ki, Rusiya ilə Yaponiya arasında münasibətlərin son gərginlik mənbəyi ABŞ-lə birgə təşkil olunan “Resolute Force Pacific” hərbi təlimləri oldu. Təlimlərin Rusiya sərhədlərinə yaxın bölgədə keçirilməsi Moskvanın narazılığına səbəb olub və bu addım təhlükəsizlik baxımından təhdid kimi qiymətləndirilib:
"Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə etiraz edərək, bu cür davranışları məsuliyyətsiz və silahlı münaqişəyə hazırlıq əlaməti kimi dəyərləndirib. Moskvanın “adekvat cavab tədbirləri” ifadəsi bir neçə istiqamətdə reallaşa bilər: Uzaq Şərqdə əlavə hərbi kontingentin yerləşdirilməsi, hava və dəniz patrullarının artırılması, Kuril adaları ətrafında silahlı qüvvələrin aktivləşdirilməsi, həmçinin hərbi texnika və raket sistemlərinin bölgəyə daşınması gündəmə gələ bilər. Bu addımlar həm Rusiyanın strateji cavab potensialını nümayiş etdirmək, həm də Yaponiyanın gələcəkdə oxşar addımlar atmaması üçün xəbərdarlıq məqsədi daşıyır. Yaranan vəziyyət Rusiya-Yaponiya münasibətlərini daha da çətinləşdirə bilər. Kuril adaları ilə bağlı illərdir davam edən həssaslıq fonunda hərbi manevrlər ikitərəfli siyasi dialoqu zəiflədə və diplomatik yaxınlaşma cəhdlərini kölgədə qoya bilər. Bundan əlavə, Rusiya Yaponiya ilə texnologiya, enerji və ticarət sahələrində əməkdaşlıq imkanlarını məhdudlaşdırmaqla, iqtisadi sferada da təzyiq mexanizmlərindən istifadə edə bilər. Beləliklə, Rusiya ilə Yaponiya arasında yaranan bu yeni gərginlik, yalnız ikitərəfli münasibətlərə deyil, eyni zamanda Asiya-Sakit Okean regionundakı təhlükəsizlik balansına da təsir göstərə bilər".
Ayşən Səlimova