Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 349 minə yaxın şəxs qəbul edilib

Tarix: 12:14 11.08.2025
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 348 728 şəxs qəbul edilib və onlara 556 884 sayda xidmət göstərilib
"İnformator.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan 192,4 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 131,3 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 89,6 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicilərinin fəaliyyətinin bərpası;
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 20,2 mindən çox sayda yazılı müraciət cavablandırılıb, 16,7 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 2 335 vergi ödəyicisinin iştirakı ilə 232 görüş keçirilib, 2 948 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 919 mindən çox SMS göndərilib.
Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək