Rusiya və Ukrayna sülh münaqişəsi

Tarix: 20:46 12.08.2025
Ukrayna döyüşləri dayandırmağa və Avropanın dəstəklədiyi sülh planının bir hissəsi olaraq Rusiyanın artıq ələ keçirdiyi əraziləri verməyə razılaşa bilər.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, bu addım Ukrayna siyasətinə ziddir, yəni Ukrayna işğal olunmuş ərazilərin qaytarılmasının və 1991-ci il sərhədlərinə dönməyin tərəfdarıdır:
"Bunun səbəbi odur ki, əks halda bu, Ukraynanın məğlubiyyəti olacaq və bu, həm siyasətçilər, həm də bəlkə də insanlar üçün sonun başlanğıcı kimi qiymətləndiriləcək. Amma hələlik məlum deyil ki, Kiyev hansı ərazilərin verilməsi və sərhədlərin dəyişdirilməsi məsələsində razı ola bilər. Rusiya isə maksimum tələblərə malikdir. Onların mövqeyinə görə, konstitusiyalarında qeyd edildiyi kimi, dörd vilayət artıq Rusiyaya məxsusdur. Hazırda həmin dörd vilayətin hamısı tam işğal altında deyil. Rusiya yalnız Luqansk vilayətini tam olaraq nəzarətində saxlayır. Donetsk vilayətinin isə təxminən 75%-i işğal altındadır. Xerson və Dnepropetrovsk vilayətlərinin ən yaxşı halda 30-35%-i işğal olunub. Nə Dnepropetrovsk, nə də Xerson şəhərləri Rusiyanın nəzarətindədir. Xerson şəhəri əvvəllər işğal edilmişdi, lakin sonradan Rusiya ordusu geri çəkilməyə məcbur oldu və Ukrayna ordusu şəhəri azad etdi. Ona görə də Rusiya, Ukrayna ilə sülh müqaviləsinə yalnız həmin dörd vilayəti tələb etməklə razı ola bilər. Ən azı, keçirdiyi saxta referendumu ləğv etməsi üçün yenidən referendum keçirməli olar ki, bu da daxildə Putinə qarşı suallar doğuracaq: “Əgər bu ərazilərdən imtina edəcəkdiksə, niyə referendum keçirdin və onları bizim ərazimiz kimi tanıdın?” Çünki hazırkı Rusiya Federasiyası Konstitusiyasına görə bu dörd vilayət Rusiyanın tərkib hissəsidir".
Ekspert həmçinin bunu da bildirib ki, ilkin addım kimi atəşkəs elan olunmalı və tərəflər hazırkı mövqelərində qalmalıdırlar. Sonra isə danışıqlara, iqtisadi-ticari əməkdaşlığa başlanıla bilər ki, kimin nə əldə edə biləcəyi müəyyənləşsin:
"Ukrayna atəşkəsə razı ola bilər, amma heç bir razılaşma sənədi imzalanmadan. Rusiya isə belə razılaşma olmadan “dondurulmuş” vəziyyətə hələlik razı deyil. Putin-Tramp görüşündən sonra vəziyyət dəyişə bilər. Trampın təzyiqi ilə Putin müəyyən geri addımlar ata bilər. Amma bu, Ukraynanın işğal olunmuş ərazilərinin tam azad olunmasına gətirib çıxarmayacaq. Rusiya ən azı müəyyən güzəştlər istəyəcək. Məsələn, Krım məsələsi Rusiya üçün artıq müzakirə mövzusu deyil. Bundan əlavə, Donbas, Luqansk və Donetsk məsələləri də qalır. Donetsk Ukraynanın iri şəhərlərindən biri olmasa da, Donbas bölgəsi ölkə üçün strateji əhəmiyyətə malikdir. Bu bölgənin təxminən yarısı hələ də Rusiyanın nəzarətindədir".
Güllər Gülhüseynova