Ukrayna aviaşirkəti səhlənkarlıqda təqsirli bilinib, İranda ölən sərnişinlərin ailələrinə təzminat verəcək

Tarix: 11:05 13.08.2025
Ontario Apellyasiya Məhkəməsi "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin 2020-ci il yanvarın 8-də Tehranda PS752 reysini yerinə yetirən təyyarənin vurulmasına görə məsuliyyət daşıması ilə bağlı qərarı təsdiqləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Avropa həqiqəti" nəşri məhkəmə qərarına istinadən bildirib.
Məhkəmə "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin Tehrandan uçuşların həyata keçirilməsi ilə bağlı riskləri qiymətləndirməməsini səhlənkarlıq adlandırıb. Aviaşirkət qəza nəticəsində həlak olan bütün sərnişinlərin ailələrinə zərəri tam şəkildə ödəməlidir.
Xatırladaq ki, təyyarə Kiyevə uçarkən Tehran yaxınlığında qəzaya uğrayıb.
İran rəsmi etirazlardan bir neçə gün sonra İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinin ABŞ ilə gərginliyin artması fonunda (yüksək rütbəli general Qasım Süleymaninin Bağdad yaxınlığında öldürülməsi səbəbindən) təyyarəni bilmədən vurduğunu etiraf edib.
Qəza nəticəsində təyyarədə olan 176 nəfər - 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. Ölənlərin əksəriyyəti iranlılar və kanadalılar olub, onlardan 11-i Ukrayna vətəndaşı idi.